REGİONLAR


Naxçıvanda təşkil olunan ekskursiyalarda şəhid övladları da iştirak ediblər

Naxçıvan, 1 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə tətil günlərində şəhid övladlarının, sağlamlıq imkanları məhdud, eləcə də aztəminatlı ailənin üzvü, valideyn himayəsindən məhrum olan uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ekskursiya təşkil edilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ekskursiyada 23 uşaq iştirak edib. Uşaqlar Heydər Əliyev Muzeyi, Döyüş Şöhrəti Muzeyi, Nəbatat bağı, Xatirə Muzeyi, Şəhidlər Xiyabanı ilə tanış olublar. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanılıb.

Döyüş Şöhrəti Muzeyinə gələn uşaqlar buradakı eksponatlara maraqla baxıblar. Qeyd olunub ki, burada, müstəqillik illərində döyüş növbətçiliyinə qəbul edilmiş müxtəlif adda silah, texnika və qurğu, döyüş-nəqliyyat vertolyotu, tanklar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş etdirilir.

Uşaqlar daha sonra AMEA Naxçıvan Bölməsinin Nəbatat bağını gəziblər. Onlara Nəbatat bağı haqqında ətraflı məlumat verilib. Xatirə Muzeyində bildirilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.

Sonra uşaqlar torpaqlarımızın toxunulmazlığı, ərazi bütövlüyümüz, azadlığımız uğrunda canından keçən Vətən oğullarının xatirəsinin əbədiləşdirildiyi şəhidlər xiyabanını ziyarət ediblər.

Sonda Naxçıvan Dövlət Film Fondunda uşaqlar üçün “Matteo Falkone” filmi nümayiş etdirilib.

Qeyd edək ki, muxtar respublikada bu qəbildən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün belə tədbirlər davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.