REGİONLAR


Naxçıvanda tütünçülüyün inkişafı üçün potensial imkanlar var

Naxçıvan, 18 avqust, AZƏRTAC

Muxtar respublikada tütünçülükdə əsaslı təsərrüfatçılıq ənənələri mövcud olub, bu gün isə həmin sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Belə ki, statistikalara əsasən ötən əsrin 70-80-ci illərində Azərbaycanda tütünçülük öz əhəmiyyətinə görə texniki bitkilər arasında pambıqdan sonra ikinci yeri tuturdu. O dövrdə istehsal olunmuş on minlərlə ton tütünün mühüm bir hissəsi isə Naxçıvanın payına düşürdü. Başqa sözlə, o dövrdə Naxçıvan iqtisadi rayonu tütünçülüyün inkişaf həcminə görə Şəki-Zaqatala zonasından sonra ikinci sırada yer almışdı. Həmin dövrlərdə tütün, əsasən, Kəngərli rayonu ərazisində əkilib-becərilib, bu sahədən təsərrüfatlar xeyli gəlir əldə edib.

Son illərdə ölkəmizdə qeyri-neft sektoru sahələrinə olan diqqətin daha da artması ilə muxtar respublikada ənənəvi sahələr arasında olmuş tütünçülüyə də maraq artıb. Bu məqsədlə cari il “Cahan Tobacoo” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Kəngərli rayonunun ərazisində tütün əkininə başlanılıb. Şirkətdən aldığımız məlumata əsasən, bu məqsədlə ilk olaraq müxtəlif yerlərdən götürülmüş torpaq nümunələri laboratoriyada analiz edilib, rayonun Xıncab və Təzəkənd ərazilərinin tütün əkini üçün yararlılığına qərar verilib.

Bu ilin mart ayının əvvəllərindən Xıncab kəndində 5 sot torpaq sahəsində istixanalar qurulub, yetişdirilmiş tütün şitilləri 10 hektara yaxın ərazidə əkilib. Artıq iyul ayından başlayaraq yarpaq yığımına, məhsulun qurudulmasına başlanılıb. “Cahan Tobacoo” MMC-dən bildirdilər ki, tütünçülüyə marağın artması idxal xammalın əvəz olunmasına, bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin gəlirlərinin çoxalmasına səbəb ola bilər. Əkilmiş sahələrdən 10 min kiloqramdan artıq quru tütün əldə olunması gözlənilir. Şirkətdən onu da qeyd etdilər ki, bu layihədə hazırda 8 nəfər daimi, 10-12 nəfər günəmuzd işlə təmin edilib.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.