REGİONLAR
Naxçıvanda ümumi daxili məhsul istehsalı 1 milyard 328 milyon 275 min manat olub
Naxçıvan, 27 iyul, AZƏRTAC
Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2021-ci ilin ilk yarım ilində də qorunub saxlanılıb, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilib. Reallaşdırılan uğurlu iqtisadi siyasətin nəticəsində, cari ilin ilk yarım ilində inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 1 milyard 328 milyon 275 min manat olub ki, bu da bir il öncəki göstəricidən 0,5 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz artaraq 2875,7 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58 faiz təşkil edib.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin ilk yarım ilində sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,4 faiz, kənd təsərrüfatı məhsulu 3 faiz, nəqliyyat sektorunda yük daşınması 0,3 faiz, informasiya və rabitə xidmətləri 8,2 faiz artıb.