REGİONLAR
Naxçıvanda ümumi daxili məhsulun tərkibində sənayenin payı 35,3 faiz təşkil edir
Naxçıvan, 12 aprel, AZƏRTAC
Son illərdə muxtar respublikada böyük investisiyaların qoyulduğu sənaye müəssisələrinin fəaliyyəti nəticəsində məhsul istehsalının həcmi daha da artıb. Bu isə, öz növbəsində, Naxçıvanın ümumi daxili məhsul istehsalında sənaye məhsullarının həcmini dəfələrlə yüksəldib.
Muxtar respublikanın Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2009-cu ilin yanvar-fevral aylarında ümumi daxili məhsulun tərkibində sənayenin payı 25 faiz olduğu halda, hazırda bu göstərici 35,3 faiz təşkil edir.
Qeyd edək ki, 2018-ci ildə muxtar respublikada 990 milyon 67 min manat dəyərində sənaye məhsulu istehsal olunub. İstehsal dinamikasına nəzər salsaq, görərik ki, 2014-cü ildə muxtar respublikada 891 milyon 486 min 400, 2015-ci ildə 916 milyon, 817 min 900, 2016-cı ildə 942 milyon 944 min 400, 2017-ci ildə isə 967 milyon 60 min manatlıq sənaye məhsulu istehsalı qeydə alınıb.
Digər tərəfdən yeni sənaye müəssisələrinin yaradılmasına göstərilən dövlət dəstəyi əvvəlki illərdə olduğu kimi, ötən il də davam etdirilib. Belə ki, 2018-ci ildə bu sahənin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 5 milyon 172 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 9,1 dəfə çoxdur.