REGİONLAR


Naxçıvanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanları mərhələsi başlayıb

Naxçıvan, 10 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 2018-ci il noyabrın 5-də elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə start verilib.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim edib. Bu isə son illərdə qeydə alınmış ən yüksək göstəricidir. Sənəd təqdim edənlərdən 344 nəfəri kişi, 239 nəfəri isə qadındır. Həmin şəxslərin 81,6 faizi gənclərdir. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (76 nəfər), Turizm Departamenti (69 nəfər), Mədəniyyət Nazirliyi (58 nəfər), Dövlət Statistika Komitəsi (57 nəfər), Təhsil Nazirliyi (53 nəfər) və Dövlət Sosial Müdafiə Fondu (46 nəfər) üstünlük təşkil edir.

Test imtahanlarında müvafiq keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, 100 sual təqdim edilir. Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. Test imtahanı qurtardıqdan dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. İmtahanların nəticələri komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.

İmtahanlar yanvarın 21-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.