REGİONLAR
Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyələri verilib
Naxçıvan, 15 mart, AZƏRTAC
Qarşıdan gələn Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində bayram tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edənlər muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan söz açıblar. Qeyd olunub ki, həmin kateqoriyadan olan uşaqların hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiya olunmaları daim diqqət mərkəzində saxlanılır. Hər bayramda onlara hədiyyələrin verilməsi dövlət tərəfindən bu uşaqlara göstərilən qayğının bariz nümunəsidir.
Bayram şənliyində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında tamaşalardan səhnəciklər göstərilib. Tədbirdə iştirak edən bayram personajları Kosa və Keçəl də uşaqlarla rəqs edib, onlarda xoş ovqat yaradıblar.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə martın 12-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi də keçirilib.