REGİONLAR
Naxçıvanda yanvar ayı üçün əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib
Naxçıvan, 22 yanvar, AZƏRTAC
Muxtar respublika üzrə 2020-ci ilin ilk ayının əmək pensiyalarının ödənişi vaxtından əvvəl maliyyələşdirilib, təyin olunmuş əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsilə pensiyaçılara çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikanın kəndlərində yaşayan əmək pensiyaçıları isə bununla yanaşı, yaşadığı məntəqədən kənara getmədən ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını rahatlıqla əldə ediblər. Eyni zamanda, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də vaxtında ödənilməsi üçün müvafiq işlər görülüb. Həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi təmin olunub.
Qeyd edək ki, 2019-cu ilin əvvəlində ölkəmizdə pensiyaların minimum məbləği 116 manat idisə, hazırda bu göstərici 72 faiz artaraq 200 manat təşkil edir. Bu isə onu təsdiq edir ki, əhalinin həssas qrupu sayılan pensiyaçıların maddi rifah halının yaxşılaşması üçün pensiyaların həcminin artırılması hər zaman diqqət mərkəzində saxlanılır.