REGİONLAR
Naxçıvanda yarımildə 116 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub
Naxçıvan, 29 iyul, AZƏRTAC
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 116 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 168 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2021-ci ilin ilk yarım ilində 3 kənd mərkəzi istifadəyə verilib, 9 kənd mərkəzinin tikintisi, 1 kənd mərkəzinin yenidən qurulması davam etdirilib. Bundan əlavə, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binası yenidən qurulur.
Muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 15 traktor və 15 qoşqu verilib.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. 2021-ci ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 232 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi, Ordubad rayon mərkəzində və Şəhriyar qəsəbəsində içməli su təchizatı və kanalizasiya sisteminin, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin tikintisi başa çatdırılıb. Bundan əlavə, Şahbuz rayonunun Külüs kəndində əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə subartezian quyusunun tikintisi başa çatdırılıb.
Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kəndlərində içməli su şəbəkələrinin tikintisi, Babək rayonunun Sirab kəndində içməli su xəttinin çəkilişi davam etdirilib.