REGİONLAR


Naxçıvanda yeni fəaliyyətə başlayan gənc müəllimlərlə görüş

Naxçıvan, 8 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 2018-ci il oktyabrın 24-də elan olunmuş müsabiqənin test imtahanlarında müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla görüş keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan görüşdə çıxış edən təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, digər mühüm məsələlərlə yanaşı, yüksək səviyyəli pedaqoji kadr hazırlığı məsələsi də diqqətdə saxlanılıb. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagirdin təhsili ilə 6 min 642 müəllim məşğul olur. Onlardan 44-ü yeni tədris ilində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək işlə təmin olunub. Hazırda rayon mərkəzindən uzaqda yerləşən kənd məktəblərində fəaliyyət göstərən 81 müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib.

Təhsil naziri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq nazirlik, komitə və təşkilatlara hamiliyə verilməsi ixtisaslı kadrların hazırlanmasına geniş imkanlar açıb. Təhsil Nazirliyi də pedaqoji ixtisaslarda oxuyan tələbələrin ixtisaslı kadr kimi formalaşmasını, onların işlə təmin olunmasını diqqətdə saxlayır. Pedaqoji kadrların işlə təmin olunması məqsədilə oktyabrın 24-də elan edilmiş müsabiqəyə 252 vakant iş yeri çıxarılıb. Həmin yerləri tutmaq üçün 240 müraciət olub.

Rəhman Məmmədov deyib: Dekabrın 17-29-da keçirilmiş imtahanlarda ən yüksək bal toplayan 75 gənc kadrın işə qəbulu nəzərdə tutulur. Onlardan 21-i stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri, 54-ü isə digər ümumtəhsil məktəblərini seçiblər. Stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçən gənclərin 3 nəfərinin yaşayış yeri Naxçıvan şəhəridir.

Təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik edərək onlara şərəfli müəllim peşəsində uğurlar arzulayıb. O, əmin olduğunu bildirib ki, gənc müəllimlər göstərilən dövlət qayğısına cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə malik, xalqını və Vətənini sevən nəslin yetişdirilməsinə çalışacaq, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Gənc müəllimlər adından çıxış edən Gözəl Rəhimova göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

Tədbirdə iştirak edən gənc müəllimlərə Təhsil Nazirliyi tərəfindən metodik vəsaitlər təqdim olunub.

Qeyd edək ki, həmin gün gənc müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 3 günlük təlim-seminara başlanılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov tərəfindən aparılan seminarda müəllim peşəsinin xüsusiyyətləri, müəllimlərin etik davranış qaydaları, fənnin tədrisi və məktəb sənədlərinin işlənməsi üsulları, məktəbdaxili qiymətləndirmənin aparılması qaydası, sinif rəhbərinin vəzifələri, pedaqoji şuranın strukturu və hesabatın hazırlanması qaydası, elektron tədris vasitələrindən səmərəli istifadə yolları haqqında məlumat veriləcək.

Gənc müəllimlər yanvarın 10-dan etibarən ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətə başlayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.