REGİONLAR


Naxçıvandakı hərbi hissələrdə andiçmə mərasimləri olub

Naxçıvan, 14 may, AZƏRTAC

Naxçıvandakı hərbi hissələrdə aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən hərbi andiçmə mərasiminə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra gənc əsgərlər hərbi andı qəbul ediblər. Briqada komandiri, polkovnik Səlim Niftalıyev çıxış edərək bildirib ki, muxtar respublikada bütün hərbi hissələr müasir texnikalar və avadanlıqlarla təchiz edilib, maddi-texniki baza təkmilləşdirilib. Gənc əsgərlər keçilən dərslərdə bu texnikalardan düzgün istifadəni dərindən öyrənməli, hərbi anda sadiq qalmaq hər bir əsgərin müqəddəs borcu olmalıdır.

Tədbirdə “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının zabiti, kapitan Orxan Seyidov Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərovun təbrikini şəxsi heyətə çatdırıb.

Andiçmə mərasimində Naxçıvan Dövlət Universitetinin müəllimi Xəzər Hüseynov, valideynlər adından isə İlqar Sabirli çıxış edərək hərbi xidmətin Vətən qarşısında müqəddəs borc olduğunu qeyd edib və əsgərlərə nümunəvi xidmət arzulayıblar.

Əsgərlər adından çıxış edən Elxan Zeynalov onların qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklərinə, Vətənimizə şərəflə xidmət edəcəklərinə söz verib.

X X X

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında keçirilən andiçmə mərasimində isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsindən, sərhəd zastavalarının müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunmasından, yeni sərhəd infrastrukturunun yaradılmasından danışıb, hərbi andı qəbul edən gənc əsgərləri təbrik edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər Vətəni ləyaqətlə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.

Andiçmə mərasimləri şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.