REGİONLAR
Naxçıvandakı tarixi abidələr xalqımızın bu regionda mövcudluğunun daş pasportları, milli kimliyimizdir
Naxçıvan, 19 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələri daim diqqət və qayğı ilə əhatə olunub. Ötən müddətdə 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb, 70-dən artıq abidə bərpa edilərək yenidən Azərbaycan xalqına qaytarılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin qarşısında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirilən tədbirdə bu barədə danışılıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı ilə Qarabağlar Türbə Kompleksi, Yengicə və Şaxtaxtı kəndlərində Şərq hamamları, Nehrəm İmamzadəsi, Naxçıvan şəhərində İmamzadə Kompleksi, Qazançı körpüsü, Yusif Küseyir oğlu türbəsi əsaslı şəkildə bərpa edilib.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Abidələr tarixi kimliyimizdir” mövzusunda çıxışında qeyd edib ki, hər bir xalqın qədimliyi onun abidələrində yaşayır. Naxçıvan ərazisində mövcud olan Gəmiqaya, Qazma mağarası, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Kilit mağarası, I və II Kültəpə, Xaraba Gilan, Quyulu dağ, Qarabağlar Türbə Kompleksi, Möminə xatun, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Əlincə qalası, Qızılburun, Qızqala, Ovçular təpəsi, Oğlanqala, Xələc, Naxçıvanqala, tarixi təbiət abidələrindən Haçadağ, Duzdağ, Batabat, Babək qalası, Dəvəboynu və yüzlərlə başqa abidələr keçmişimizi bu günə daşıyan tarixi yaddaşımızdır. Tarix və mədəniyyət abidələri xalqımızın bu regionda mövcudluğunun daş pasportları, milli kimliyimizdir. Аzərbаycаnın аyrılmаz tərkib hissəsi оlаn Nахçıvаnın tаriхi аbidələri, nəinki ölkəmizin tаriхini, həmçinin bütün Yахın Şərq və Cənubi Qаfqаzdа bаş vеrən tаriхi-mədəni prоsеsləri öyrənmək bахımındаn оlduqcа əhəmiyyətlidir.
Çıxışlardan sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikası ərazisində olan abidələrə aid çap məhsulları, rəsm əsərləri və əl işlərindən ibarət sərgiyə baxıb, Möminə xatun türbəsi, türbədə nümayiş olunan eksponatlarla tanış olublar.