SİYASƏT
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 28 May – Respublika Gününə həsr olunan tədbir keçirilib
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 28 May – Respublika Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bu əlamətdar günün xalqımızın dövlətçilik tarixində önəmli yer tutduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, müstəqillik tariximizdə böyük siyasi-iqtisadi, mədəni hadisələrin əsasını qoyub.
Ulu öndər Heydər Əliyevin “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözlərini xatırladan Bəxtiyar Əsgərov bildirib ki, ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan öz müstəqilliyini dünyaya sübut edib, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaradıb. Eyni zamanda, Azərbaycanın 1992-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərinin çətin keçdiyi, həmin dövrdə hökm sürən özbaşınalığın ölkəmiz üçün böyük təhlükə olduğu, yalnız 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığı, respublikada sabitliyin yarandığı, inkişaf dövrünün başlandığı, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığı və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyini bildirib. B.Əsgərov qeyd edib ki, ümummilli lider Heydər Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr edib. 1990-cı il iyulun 22-də görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan milli dirçəliş prosesi Azərbaycanın müstəqilliyinin əldə olunmasına və onun qorunub saxlanılmasına şərait yaradıb. 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında Ümummilli Liderin təşəbbüsü ilə “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilib, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunub. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirib, cümhuriyyətin xalqımızın azadlıq və müstəqillik fikirlərini daha da gücləndirdiyini bildirib.
Bəxtiyar Əsgərov çıxışında ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurla davam etdirildiyini, respublikamızda siyasi, iqtisadi və sosial islahatların uğurla həyata keçirildiyini, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görüldüyünü diqqətə çatdırıb.
Bəxtiyar Əsgərov bildirib ki, Heydər Əliyev ideyaları, Heydər Əliyev yolu Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac verib, muxtar respublikamızda Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olunub. "Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm" , - deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikanın keçdiyi inkişaf yolu Ulu Öndərin ideyalarına sadiqliyin təcəssümüdür. Son illər Naxçıvan Muxtar Respublikasında minlərlə istehsal, xidmət və digər infrastruktur müəssisəsi yaradılıb, avtomobil yolları çəkilib, yeni məktəb binaları, səhiyyə müəssisələri, böyük idman obyektləri istifadəyə verilib, ordu quruculuğu sahəsində kompleks işlər görülüb. İqtisadiyyat dinamik inkişaf yoluna çıxıb, sosial proqramlar qəbul edilərək uğurla icra olunub, bir sözlə, Ulu Öndərin arzuları gerçəkləşdirilərək inkişafın “Naxçıvan modeli” yaradılıb.
Tədbir digər çıxışlarla davam etdirilib.