SİYASƏT


Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Qurtuluş Günü qeyd edilib

Bakı, 14 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib. Bu barədə AZƏRTAC-a daimi nümayəndəlikdən məlumat verilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bu əlamətdar günün yaranma tarixinə bir daha nəzər salaraq qeyd edib ki, Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etdi. Amma ümummilli liderimiz Heydər Əliyevin ifadə etdiyi kimi, müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiq etdi. Çünki cəmi iki il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan dövləti daxili çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi, total xaos, Ermənistanın işğalçılıq siyasəti, ən nəhayət, səriştəsiz dövlət idarəçiliyi səbəbindən dərin uçuruma sürüklənməkdə idi. Dövlətlə xalq arasında yaranmış uçurum ölkəmizdə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyin itirilmə təhlükəsinin yaranmasına gətirib çıxarmışdı. Bu səbəbdən də insanlar təbii ki, ölkənin düşdüyü ağır vəziyyətdən - vətəndaş qarşıdurmasından xilas olmaq, dərinləşməkdə olan mövcud sosial, iqtisadi, siyasi böhrandan qurtulmaq istəyirdi. Bir sözlə, qurtuluş Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi desək, yanılmarıq. Bu qurtuluşu isə Azərbaycan xalqına yalnız o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, sonradan xalqımızın ümummilli lideri adını qazanmış böyük dövlət xadimi, dünya şöhrətli siyasi xadim Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edə bilərdi. Çünki müstəqil Azərbaycanın möhkəm əsaslarını məhz ümummilli liderimiz Heydər Əliyev hələ Sovetlər Birliyi dövründə yaratmışdı. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, cəsarətli ideyaları, böyük təşkilatçılıq qabiliyyəti Azərbaycanı Sovetlər İttifaqının inkişaf etmiş respublikalarından birinə çevirmişdi. Məhz bu səbəbdən Azərbaycan xalqı dövlət müstəqilliyimizi itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda yenidən o böyük şəxsiyyəti - Ümummilli Liderimizi qüdrətli xilaskar kimi siyasi hakimiyyətə dəvət etdi.

“Milli Qurtuluşa zəmin yaradan digər bir amil isə Ümummilli Liderin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi, onun rəhbərliyi ilə Azərbaycanın müstəqil dövlətçiliyinin əsaslarının bu qədim torpaqda qoyulması idi. Bu dövrdə dahi şəxsiyyət çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmış, muxtar respublikada milli dövlətçiliyin qurulması istiqamətində nəhəng işlər görülmüşdür. Hələ Sovetlər İttifaqının mövcud olduğu bir dövrdə üçrəngli Azərbaycan bayrağının Naxçıvanda qaldırılması, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, blokada şəraitində yaşayan Naxçıvanın işğaldan xilas edilməsi dahi rəhbər Heydər Əliyevin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olmuşdur. Müstəqil Azərbaycanın taleyində xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının da Ulu Öndərimizin rəhbərliyi ilə Naxçıvanda yaradılması ölkəmizin milli istiqlalında böyük öndərin həyatı və fəaliyyətinin Naxçıvan dövrünün müstəsna dərəcədə əhəmiyyətli olduğunu bir daha təsdiq edir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası inkişaf edir, cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Belə bir şəraitdə – 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyuldu və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi elan etmişdir”, - deyə Bəxtiyar Əsgərov qeyd edib.

Bildirilib ki, hər bir ölkədə siyasi və iqtisadi islahatları sabitlik olmadan aparmaq mümkün deyil. Ona görə də qısa zamanda Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olmuş, Dağlıq Qarabağ cəbhəsində atəşkəs əldə edilmiş, irimiqyaslı iqtisadi layihələr icra olunmağa başlanmışdır. Dünyanın aparıcı dövlətləri və şirkətləri ilə imzalanan neft müqavilələri və bunun nəticəsi olaraq xarici investisiyaların ölkəmizə cəlbi Azərbaycanın iqtisadi böhrandan çıxarılmasında mühüm rol oynamışdır. Ölkəmizdə dövlət quruculuğu prosesinə başlanmış, güclü ordumuz yaradılmış, Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmuş və bu hüquqi sənədə xalqımızın ümumxalq səsverməsi ilə bir neçə dəfə zəruri dəyişikliklər edilmişdir. Beynəlxalq aləmdə Azərbaycan Respublikasının dünya ölkələri ilə ikitərəfli əlaqələrinin qurulması, ölkənin xarici siyasət strategiyasının müəyyən olunması böyük dövlət xadiminin həm də mahir diplomatik bacarığının əməli ifadəsi idi. Bir sözlə,1993-2003-cü illər müstəqil Azərbaycanın milli qurtuluşdan başlanan intibahının birinci mərhələsinə çevrilmişdir.

Ümummilli Liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün də müstəqil Azərbaycanın uğur modelidir.1993-cü ilin Azərbaycanı ilə müasir dövrün Azərbaycanını müqayisə etsək, ulu öndər Heydər Əliyevin və onun siyasi xəttinin müstəqil Azərbaycana bəxş etdiyi inkişaf və tərəqqinin əsl mahiyyətini ortaya qoyar və düzgün nəticə çıxara bilərik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Bütün bunlar onun zəhmətidir, onun əməyidir və bu gün biz xalqla birlikdə Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.

Daimi nümayəndəliyin rəhbəri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası da milli qurtuluşun işığında böyük inkişaf yolu keçib. Son illər Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə Naxçıvanda rayon mərkəzlərindən tutmuş ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq prosesləri bu qədim diyarın - dünyanın naxışı sayılan Naxçıvanın hüsnünü daha da gözəlləşdirib. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yeni tipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl iqtisadi regionuna çevrilib.

Əlbəttə ki, bütün bunlar Milli Qurtuluş Gününün bəhrələridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qeyd etdiyi kimi: “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq”.

Vurğulanıb ki, 1995-ci ildən bəri Naxçıvanda həyata keçirilən hərtərəfli quruculuq siyasəti ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasına əsaslanıb. Naxçıvan Muxtar Respublikası həm sosial-iqtisadi inkişaf, həm də muxtar dövlət quruculuğu baxımından regionun və dünyanın analoji siyasi sistemlərinə nümunədir, inkişafın Naxçıvan modeli artıq müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.

Qeyd olunub ki, Milli Qurtuluş Gününü qədirbilən xalqımız hər zaman əziz tutur, hər il böyük sevinc və fərəh hissi ilə qeyd edir. Çünki ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulmuş, milli qurtuluş yüksək intibaha açılan qapı kimi tariximizdə yeni bir səhifə açmışdır. Bu səhifə isə bu gün olduğu kimi, gələcəkdə də müstəqil Azərbaycanın əsas inkişaf modeli olacaq. Ölkə Prezidenti İlham Əliyevin sözləri ilə desək, “Müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətini qəlbində yaşadır və yaşadacaqdır”.

Tədbir digər çıxışlar və bədii kompozisiya ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.