QAN YADDAŞI


Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunub

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. Qeyd edib ki, Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.

Bəxtiyar Əsgərov vurğulayıb ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymətin verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməyib. Lakin Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq siyasi-hüquqi müstəvidə qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. O dövrdən başlayaraq Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər. Hər il bu dəhşətli faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur.

Daimi nümayəndəliyin rəhbəri faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsi ilə əlaqədar müxtəlif layihələr çərçivəsində Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə yaxından çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil etdiyini xüsusi qeyd edib.

Bəxtiyar Əsgərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası istiqamətində uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə bəyan edilməsi, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır qanlı cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymət alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil etməkdədir. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Sərəncamı ilə XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 25-ci ili böyük izdihamla qeyd olunub. Soyqırımı qurbanlarının xatirəsi paytaxt Bakıda on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşü ilə yad edilib. Prezident İlham Əliyev, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələri ümumxalq yürüşünə qatılmışdılar. Paytaxtın Azadlıq meydanından başlayan, nəhəng insan kütləsindən ibarət ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu ağlasığmaz cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyıb.

Tədbir zamanı Bəxtiyar Əsgərov diqqətə çatdırıb ki, hər il Xocalı faciəsi qurbanlarının əziz xatirəsi Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın rayon mərkəzlərində xüsusi izdihamlı yürüşlərlə anılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Xocalı soyqırımı qurbanlarına Xatirə Kompleksi ucaldılıb. Bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə Xocalı şəhidlərinin xatirəsinin ehtiramla yad edilməsi üçün hazırlıq işləri yekunlaşdırılıb.

Sonda Bəxtiyar Əsgərov bildirib ki, bundan sonra da Xocalı faciəsinin dünyada tanıdılması daha geniş miqyasda, siyasi-hüquqi qiymət alması və nankor, məkrli qonşularımızın üzdəniraq təbliğatının faş edilməsi istiqamətində görülən işlər davam etdiriləcək. “Azərbaycan xalqı erməni vəhşiliyini, tarix boyu xalqımıza qarşı törədilmiş erməni terrorizmini heç vaxt unutmayacaq! Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimiz qısa zamanda düşmən tapdağından azad olunacaq, şəhidlərimizin qisası düşməndən alınacaq və onların qanı heç vaxt yerdə qalmayacaqdır. Bu gün xalqımız Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən azad edilməsini, soydaşlarımızın işğal olunmuş torpaqlarımıza - Dağlıq Qarabağa və ətraf ərazilərə qayıtmağını əzm və səbirsizliklə gözləyir. Dövlətimizin və xalqımızın buna qadir olduğunu Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində layiqincə sübut edib”, - deyə Bəxtiyar Əsgərov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.