SİYASƏT
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın yaranmasının 24 illiyi ilə əlaqədar tədbir keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ötən 24 ildə şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyasının möhtəşəm siyasi uğurlarından söz açıb. Vurğulayıb ki, bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirən Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. O deyib: “Heç şübhəsiz ki, bu nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün ölkə Prezidenti, partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub”.
Bildirilib ki, Yeni Azərbaycan Partiyasının üzvləri sırasına dövlət və elm xadimləri, ziyalılar, tanınmış şəxsiyyətlər, mədəniyyət adamları ilə yanaşı, respublikamızın fəal, aparıcı gəncləri də daxil olub və bu gün onlar Yeni Azərbaycan Partiyasına öz töhfələrini verməkdədirlər.
Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışan Bəxtiyar Əsgərov partiyanın 1992-ci ildə noyabrın 21-də, Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəldiyini və o dövrdə çox çətin günlər yaşayan Naxçıvanda təsis konfransının keçirildiyini xatırladıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin qorunması, saxlanılması və möhkəmləndirilməsində böyük işlər görüb. Partiyanın yaranmasından bir il sonra - 1993-cü ilin oktyabrında böyük Heydər Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın öz tarixinə və taleyinə, torpağına və dövlətçiliyinə necə bağlı olmasının, Yeni Azərbaycan Partiyası ətrafında necə sıx birləşməsinin və Ulu Öndərə olan sarsılmaz məhəbbətinin əyani təzahürü idi.
Diqqətə çatdırılıb ki, hazırda dünyanın inkişaf etmiş, demokratik prinsiplərinə sadiq, hüquqi dövlətləri sırasında mühüm yeri olan Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində Yeni Azərbaycan Partiyasının xidmətləri danılmazdır və misilsizdir. Yeni Azərbaycan Partiyası ötən dövr ərzində dövləti fəaliyyəti ilə yaşayıb və inkişaf edib. Bu baxımdan da əldə olunan bütün nailiyyətləri həm də partiyanın uğurları kimi qeyd etmək lazımdır.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında hər il olduğu kimi, Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı silsilə tədbirlər keçirilməkdədir. Muxtar Respublika Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının sədri Vasif Talıbovun rəhbərliyi ilə gündən-günə inkişaf edən, gözəlləşən və güclənən Naxçıvan Muxtar Respublikasının hər bir guşəsində bu parlaq siyasi partiyanın əldə etdiyi nailiyyətlərin izi görünməkdədir. Odur ki, hər il doğma partiyamızın yarandığı gün onun təsis olunduğu müqəddəs torpaqda özünəməxsus qeyd edilməkdədir.
Ötən 24 il ərzində ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurların təməlində dayanan, yekdil xalq birliyini özündə ehtiva edən və xalqımızın düşdüyü bəlalardan xilas olmasında göstərdiyi xidmətlərdən dolayı böyük siyasi birlik, həmrəylik nümayiş etdirən Yeni Azərbaycan Partiyası hələ uzun illər ərzində Azərbaycan xalqına xidmət göstərəcək güc sahibi, qürur mənbəyi olaraq qalacaq.