SİYASƏT


Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın yaranmasının 29 illiyi qeyd olunub

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman övladların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi Liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri açıq elan edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ötən 29 ildə şərəfli yol keçmiş, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində önəmli rol oynamış, partiyanın ətrafında toplanmış insanların, xüsusilə ötən illər ərzində qədirbilən xalqımızın inamını və etimadını doğrultmuş Yeni Azərbaycan Partiyasının möhtəşəm siyasi, iqtisadi uğurlarından bəhs edib. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dahi Heydər Əliyevin ifadəsi ilə desək, Azərbaycan xalqının mütləq iradəsini əks etdirən siyasi təşkilat kimi dünənimizin, bu günümüzün və gələcəyimizin partiyasıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yenicə müstəqillik əldə etmiş Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas etmiş, itirilməkdə olan müstəqilliyimizi qoruyub saxlamışdır. Bu gün isə ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Azərbaycanı davamlı inkişaf yoluna çıxarmış, müstəqil, qüdrətli və qalib ölkəmiz dünya ölkələri içərisində öz layiqli, yüksək yerini tutmuşdur. Yeni, müstəqil Azərbaycan bugünkü inkişafa və tərəqqiyə, sabitliyə, təhlükəsizlik və yüksək rifaha, ən əsası, 44 günlük Vətən müharibəsində mənfur düşmən üzərindəki möhtəşəm Qələbəyə məhz əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərinin ölkəmizdə uğurla həyata keçirilməsi ilə nail olunmuşdur. Azərbaycan Ordusunun ötən il torpaqlarımızı düşmən işğalından azad etməsi və qazandığı böyük tarixi Qələbə də məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və Yeni Azərbaycan Partiyasının platformasında öz əksini tapmış Ordu quruculuğu strategiyasının uğurlu davam etdirilməsinin nəticəsidir. Biz Yeni Azərbaycan Partiyasının yaradılması zərurətindən çox danışmışıq, o dövr və o dövrün çətinliklərindən, xalqımızın düçar olduğu o ağır vəziyyətlərdə öz dahi oğluna müraciətindən bəhs etmişik. Bu barədə təbii ki, yenə dəfələrlə danışacağıq. Ən əsası, Ulu Öndərimiz özü Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini belə əsaslandırmışdır: “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Buna görə də bizim əsasımız var deyək ki, Yeni Azərbaycan Partiyası müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinin təminatçısıdır”.

Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışan Bəxtiyar Əsgərov qeyd edib ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Keçən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz, səbatsız siyasi qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bu hadisələrin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirirdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yaranmaqda olan böyük siyasi və sosial gücə malik Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda, C.Məmmədquluzadə adına Dram Teatrının binasında keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində, böyük sürətlə ölkə üzrə təşkilatlandı, xalqın iradəsi, dəstəyi və təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gəldi.

Sirr deyil ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramı, onun məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət idi və bizim partiyamız bu 29 ildə öz əsas məqsədlərinə uyğun fəaliyyət göstərib və demək olar ki, o məqsədlərə nail ola bilib. Yeni Azərbaycan Partiyasının gücü həm də onun ideyalarının və cəmiyyət həyatının ən müxtəlif məsələlərinə dair baxışlarının məhdud zaman çərçivəsinə deyil, uzun bir dövrə və tarixi proseslərə hesablanmasında idi. Məhz bu amili əsas götürərək, yuxarıda qeyd etdiyimiz kimi, böyük Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin partiyasıdır”.

Yeni Azərbaycan Partiyasının yaranması və tez bir zamanda xalqımızın iradəsi ilə siyasi hakimiyyətə gəlişini müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi dəyərləndirən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 7 ay sonra, 1993-cü ilin iyun ayının 15-də böyük liderin Azərbaycanda ali hakimiyyətə Qayıdışı, əslində, ölkəmizin düşdüyü ağır problemlərdən xilasının başlanğıcı oldu. Hakim siyasi partiya kimi Yeni Azərbaycan Partiyası qısa zamanda sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövləti və vətəndaş cəmiyyəti quruculuğu prosesini həyata keçirən real siyasi qüvvə kimi özünü təkcə ölkəmizdə təsdiq etmədi, eyni zamanda, bütün dünyada tanıda bildi. Azərbaycan xalqının böyük bir qismini, potensial siyasi, elmi aktivini öz ətrafında toplayaraq, doğru yolla gedərək YAP müxalifət partiyasından ən qısa zamanda qüdrətli hakim siyasi partiyaya, siyasi partiyadan isə güclü ümumxalq partiyasına çevrildi. 1993-cü il oktyabrın 3-də Yeni Azərbaycan Partiyasının Sədri böyük Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə partiyamızın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu inkişafa, yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu yüksək mövqe il-ildən möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP birmənalı iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir. 1993-cü ildən sonra ictimai həyatın müxtəlif sahələrinə aid islahatların uğurla həyata keçirilməsi yeni bir tarixi mərhələnin başlanğıcı oldu. Ölkədə demokratik ənənələrin, azad iqtisadi məkanın, sivil siyasi münasibətlərin bərqərar edilməsi istiqamətində atılmış addımlar Azərbaycanı qısa vaxt ərzində dərin tarixi burulğanların əhatəsindən qoparaq siyasi sabitlik və iqtisadi inkişaf dövrünə çıxara bildi.

Bəxtiyar Əsgərov deyib ki, Yeni Azərbaycan Partiyasının gücü həm də onun ideyalarının, varisliyinin təmin olunmasındadır. Böyük dövlət xadimi Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində yazırdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir... Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”. Bu gün Yeni Azərbaycan Partiyasının qüdrəti öz əksini Ulu Öndərimizin tarixi prosesləri qabaqlayan müdrikliyində və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderlik keyfiyyətlərində tapmışdır. Dövlətimizin başçısı, həm də YAP-ın Sədri olaraq Prezident İlham Əliyevin gerçəkləşdirdiyi böyük siyasi, iqtisadi layihələr, beynəlxalq aləmdə qazanılan uğurlar, dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi, həyata keçirilən uğurlu milli dirçəliş və dövlətçilik siyasəti, eyni zamanda, onun ləyaqətlə rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının real gücünün ifadəsi, göstəricisidir. Böyük Heydər Əliyev yolunun, Ulu Öndərin milli dövlətçilik konsepsiyasının uğurla davam etdirilməsi bu gün müstəqil Azərbaycanı əsl tərəqqiyə qovuşdurmuşdur. İndi ölkəmizdə bütün uğurların, o cümlədən insan azadlığının, hüquqi dövlət quruculuğunun və düşmənlə döyüşdə qazanılan böyük tarixi Qələbənin, iqtisadi-sosial nailiyyətlərin birbaşa səbəbkarı olan ulu öndərimiz Heydər Əliyevin və onun layiqli və ləyaqətli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin dünya miqyasında tutduğu mövqeyə paralel olaraq gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını könüllü olaraq genişləndirərək inkişaf edir, milli dövlətçiliyimizin inkişafı naminə möhkəmlənir. Partiyamızın Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının gücünü belə xarakterizə edir: “Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.

Bəxtiyar Əsgərov vurğulayıb ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası son 30 ildə əsrə bərabər inkişaf yolu keçib, bütün sahələrdə nailiyyətlər əldə edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs muxtar respublikada Ali Məclisin Sədri tərəfindən uğurla davam etdirilib və etdirilməkdədir. Naxçıvan Muxtar Respublikası heç vaxt indiki Heydər Əliyev siyasi dövrü qədər güclü iqtisadiyyata, yüksək inkişaf səviyyəsinə malik olmayıb. Muxtar respublikada həyata keçirilən quruculuq, abadlıq işlərinin, iqtisadiyyatda, mədəni həyatda, insanların güzəranında baş verən dəyişikliklərin kökündə bir tərəfdən Heydər Əliyev yoluna, ideyalarına, siyasi və nəzəri irsinə sədaqət, ikinci tərəfdən isə qətiyyətli mövqe, düzgün idarəetmə dayanır. Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi xəttə sədaqət, aydın siyasi mövqe, yorulmaz fəaliyyətdən ibarət olan inkişafın Naxçıvan modeli muxtar respublikanın tərəqqisinin əsasını təşkil edir. Həyata keçirilən sosial-iqtisadi inkişafın davamlı xarakter daşıması, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, xalqımızın firavanlığı naminə quruculuq, abadlıq işlərinin vüsət alması, infrastrukturun yenilənməsi, beynəlxalq iqtisadi əlaqələrin möhkəmləndirilməsi, enerji və ərzaq təhlükəsizliyinin yaradılması, turizmin inkişafı, elmi potensialın, mədəniyyətin, təhsilin səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatı və sənaye istehsalının artırılması, ixracın təşviqi, milli-mənəvi dəyərlərimizin təbliği, tarixi abidələrin bərpası, bir sözlə, milli dövlətçiliyin qorunması və sair. Yeni Azərbaycan Partiyasının əsas prinsiplərinin təkcə bu qədim diyarda hansı miqyasda həyata keçirildiyindən xəbər verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının qurucularından biri, müstəqil Azərbaycanın dövlət quruculuğunda xüsusi xidmətlər göstərmiş ictimai-siyasi xadim, dövlət xadimi Vasif Talıbovun dediyi kimi: “Siyasi partiyalar o zaman uzunömürlü olur ki, onun arxasında xalq, fəaliyyətində isə real iş dayansın. Ölkəmizdə dövlət-xalq birliyi var. Sabitlik, inkişaf və cəmiyyətdə yaradılan sağlam mühit iqtidar partiyası kimi YAP-ın fəaliyyətinin əsasını təşkil edir”.

Bəxtiyar Əsgərov əlavə edib ki, Naxçıvan Muxtar Respublikasında da hər il doğma partiyamızın yaradılmasının ildönümü münasibətilə yüksək səviyyəli tədbirlər keçirilir, ulu öndər Heydər Əliyevin ölməz xatirəsi yad edilir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 29 illiyi ilə bağlı partiyanın muxtar respublika təşkilatı, şəhər və rayon təşkilatları müxtəlif yaddaqalan silsilə tədbirlər həyata keçirir, Naxçıvan universitetlərində elmi konfranslar, dəyirmi masalar təşkil edilir. Bu gün dahi rəhbərin parlaq arzuları inamla həyata keçirilir. Bunun bariz nümunəsidir ki, Naxçıvan Muxtar Respublikası ötən illər ərzində böyük iqtisadi-sosial inkişaf yolu keçib. Ötən illər ərzində muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət alıb, infrastruktur layihələri gerçəkləşdirilib, nəhəng istehsal müəssisələri, çoxsaylı yaşayış binaları, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilib, yeni iş yerləri açılıb. Vətən Müharibəsindən sonra müharibənin nəticələrinin təhlili aparılıb. Şəhid ailələrinin, qazilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Vətən müharibəsi iştirakçılarına, onların ailə üzvlərinə evlər, maşınlar hədiyyə edilib. Bir sözlə, əhalinin sosial həyatı yaxşılaşdırılıb, lazım olan bütün məsələlər diqqətdə saxlanılıb. Bütün bunlardan əlavə, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, gözəlləşib.

Daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi qələbələrin, uğurların davam etdirilməsi, beynəlxalq səviyyədə imkanların artırılması hər bir Azərbaycan vətəndaşının ümdə arzusudur. Qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrin daha da möhkəmləndirilməsi, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hakim partiyalarımız - Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında da sıx, yüksək səviyyəli, məhsuldar əməkdaşlığın qurulması, qarşıda duran hədəflərə doğru bir çox işlərin birgə görülməsi xalqlarımızın, siyasi həmfikirlərimizin ürəyindən xəbər verir. Bu, həm də dünyada analoqu olmayan qardaşlığın, birliyin daimi olması, qardaş ölkələrimizin inkişafına gələcəkdə də böyük töhfələr verməsi baxımından əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin yüksəlməsi, təkcə qardaş Türkiyənin deyil, bir çox dost ölkələrin hakim siyasi partiyaları ilə əməkdaşlığı müstəqil Azərbaycanımızın beynəlxalq mövqeyinin möhkəmlənməsi və gələcək inkişafına da öz töhfəsini verməkdədir ki, bu da böyük öndərimiz Heydər Əliyevin arzularından biri idi.

Bir neçə gün əvvəl iftixar hissi ilə qeyd etdiyimiz şanlı Zəfər Günündən danışan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xalqımızın yaşadığı şərəfli, qürurlu hadisələrdən, azğın düşmən üzərində qazanılmış şanlı Qələbənin təmin edilməsinə gedən yollardan, illərdən bəri Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə xalqımızın rifahı naminə aparılan düzgün, məntiqli siyasi proseslərdən danışıb, daimi nümayəndəliyin kollektivini üzvü olduqları Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə bir daha təbrik edib.

Tədbir digər çıxışlarla davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.