REGİONLAR
Naxçıvanın Kikboksinq Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Naxçıvan, 29 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının idmançıları il ərzində muxtar respublikadan kənarda keçirilən ölkə səviyyəli yarışlarda da iştirak edib və 15 müxtəlif əyarlı medal qazanıblar. Bundan başqa, Türkiyənin İstanbul şəhərində Türkiyə Muaythai Federasiyasının təşkilatçılığı ilə keçirilən “Muaythai Qala Gecəsi”ndə naxçıvanlı idmançı Etibar Qəribov iştirak edərək qalib olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar muxtar respublikanın Kikboksinq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasda səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, 2020-ci ilin fevral ayının 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclisin sədri tərəfindən nazirlik və dövlət qurumlarının qarşısına konkret tapşırıqlar qoyulub. Bu tapşırığa əsasən əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması məqsədilə ötən il fevralın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Proqramın icrası ilə əlaqədar artıq bir çox işlər həyata keçirilib.
Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev vurğulayıb ki, Ali Məclis sədrinin diqqət və qayğısı nəticəsində muxtar respublikada idmanın inkişafı sahəsində mühüm işlər görülür. Yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. O qeyd edib ki, muxtar respublikada 512 idmançı bu idman növü ilə məşğuldur. Federasiyanın məşqçi-müəllimləri və idmançıları Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” turistik istirahət mərkəzində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı”nda iştirak ediblər. İl ərzində federasiya idmançıları tibbi müayinədən keçirilib.
Sonra məşqçilərin fikir və təklifləri dinlənilib.
İclasa yekun vuran Gənclər və İdman naziri Azad Cabbarov yaradılan şəraitə görə bütün idmançılar adından Ali Məclisin sədrinə minnətdarlıq edib.