REGİONLAR
Naxçıvanın istehsal müəssisələri İndoneziya səfirində zəngin təəssürat doğurub
Naxçıvan, 10 aprel, AZƏRTAC
İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində qonaq muxtar respublikanın istehsal, təhsil və mədəniyyət müəssisələri ilə yaxından tanış olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edən İndoneziyanın səfiri Heydər Əliyev Muzeyinin eksponatlarına baxıb.
Sonra Naxçıvan Avtomobil Zavoduna gələn qonağa məlumat verilib ki, burada tələbata uyğun, eləcə də sifariş əsasında 15 modeldə avtomobil istehsal olunur. Hazırda zavodun Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında ehtiyat hissələrinin satışı mağazaları fəaliyyət göstərir. Ötən il isə Şərur və Culfa rayonlarında texniki xidmət sahələri də yaradılıb.
“Cahan Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı qonağa məlumat verilib ki, hazırda fabrikdə 14 çeşiddə filtrli siqaret istehsal olunur.
Səfir Hüsnan Bəy Fanani “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Badamlı” zavodunda da olub. Bildirilib ki, “Badamlı” mineral suyu beynəlxalq sərgilərdə yüksək qiymətləndirilir. Burada bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə uyğun qurulub.
Diplomat “Gəmiqaya Mebel Fabriki” və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinə də baş çəkib. Burada ona bu müəssisələrin istehsal gücü, istehsal edilən məhsulların çeşidi haqqında ətraflı məlumat verilib.
Naxçıvan Biznes Mərkəzinə gələn səfir burada sərgilənən məhsullarla yaxından tanış olub. Məlumat verilib ki, muxtar respublikada sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
İstehsal müəssisələri ilə tanışlıq İndoneziya səfirində zəngin təəssürat doğurub.