SİYASƏT
Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir
Naxçıvan, 27 iyun (AZƏRTAC, Tural Kəngərli). İyunun 27-də Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə muxtar respublikanın yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Fazil Ələkbərov açaraq Naxçıvanın muxtariyyət statusunun ötən dövr ərzində bölgənin tarixi taleyində əhəmiyyətli rola malik olduğunu vurğulamışdır.
Bildirilmişdir ki, Prezident İlham Əliyev Naxçıvan MR-in Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi olduğunu nəzərə alaraq 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalamışdır. Bundan əlavə, Naxçıvan MR Ali Məclisinin 2013-cü il dekabrın 28-də keçirilmiş dördüncü çağırış səkkizinci sessiyasında Ali Məclisin Sədri Vasif Talıbov tərəfindən 2014-cü il Naxçıvanda “Muxtariyyət ili” elan olunmuşdur.
Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət qazanmasını dövlətçilik tariximizdə mühüm nailiyyət kimi qiymətləndirərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
F. Ələkbərov vurğulamışdır ki, çoxəsrlik Azərbaycan tarixində özünəməxsus zənginliyi ilə seçilən və bütün tarixi dövrlərdə ciddi siyasi-strateji əhəmiyyət kəsb edən Naxçıvan XX əsr Azərbaycan tarixinin istiqlal mücadiləsində və dövlət quruculuğu prosesində dinamik mərkəz rolunu oynamışdır. Muxtariyyətin əldə edilməsi Naxçıvanın Azərbaycanın tərkibində yaşayıb inkişaf etməsinə əhəmiyyətli hüquqi-siyasi zəmin yaratmışdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Fəxrəddin Səfərli “Ümummilli Lider Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda çıxış edərək demişdir ki, ərazisi dəfələrlə müharibə meydanına çevrilsə də, Naxçıvan heç vaxt əyilməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə tarixi ərazisini qoruyub saxlamışdır. Hələ XII əsrdə Naxçıvan şəhəri qüdrətli Atabəylər dövlətinin paytaxtı olmaqla bölgənin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, inzibati idarəçiliyin formalaşmasına özünəməxsus töhfələr vermiş, milli dövlətçilik tariximizdə mühüm rol oynamışdır.
Bildirilmişdir ki, ötən əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnakları Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüş, bu diyarı Ermənistana birləşdirmək üçün bütün vasitələrə əl atmışlar. Bölgə əhalisinin böyük müqaviməti və qəhrəmanlığı nəticəsində Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və son nəticədə ona Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir. Beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvan diyarının tarixi taleyini, onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanını reallaşdırmışdır.
Vurğulanmışdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində – bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasında, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında, beləliklə də Azərbaycanın tarixi ərazisinin qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb etmişdir. Həmin dövrdə muxtar respublika müxtəlif çətinliklərə düçar olsa da, xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Naxçıvan bu vəziyyətdən çıxa bilmiş və bugünkü dinamik inkişaf yoluna qədəm qoymuşdur.
Sonra tədbirdə iştirak edən Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin oxucu biletləri təqdim olunmuşdur.
Tədbir iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət etmişlər.