REGİONLAR
Naxçıvanın turizm potensialının tanıdılmasında media önəmli rol oynayır
Naxçıvan, 31 may, AZƏRTAC
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası böyük turizm potensialına malikdir. Qədim tarixə, zəngin mədəniyyətə, gözəl təbiətə malik olması müasir dövrdə Naxçıvanı turistlər üçün daha cəlbedici edir. Bu gün qədim diyarın turizm potensialının tanıdılmasında kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifə düşür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ölkəmizdə fəaliyyət göstərən aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin, muxtar respublikanın media orqanlarının əməkdaşlarının, eləcə də Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisasının tələbələrinin iştirakı ilə ali təhsil ocağında "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda keçirilən konfransda səsləndirilib.
Konfransda universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolu haqqında məlumat verib. Prorektor bu ali təhsil müəssisəsi ilə ölkəmizdə fəaliyyət göstərən mətbu orqanlar arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib, media nümayəndələrini Azərbaycanın qədim dilbər guşəsi olan Naxçıvanın turizm potensialının təbliğində fəal iştirak etməyə dəvət edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ölkənin aparıcı media rəhbərlərinin Naxçıvana səfərinin sayca ikinci olduğunu bildirib. Qeyd edib ki, ötən ilin oktyabrında reallaşan birinci səfər zamanı biz tarixi və mədəni abidələrlə zəngin olan Naxçıvanın böyük turizm potensialına malik olduğunu bir daha gördük. Bu gün konfransın keçirilməsində əsas məqsəd ölkəmizin aparıcı kütləvi informasiya vasitələrində Naxçıvanın mövcud turizm potensialının tanıdılmasına, təbliğ edilməsinə töhfə verməkdən ibarətdir.
Konfransda Naxçıvan Dövlət Universitetinin müəllimi Şəhla Şirəliyevanın, “Şərq qapısı” qəzetinin əməkdaşı Əli Cabbarovun, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlunun, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyevin, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızının, Naxçıvan Televiziyasının baş redaktoru Ruhiyyə Rəsulovanın, muxtar respublikanın Mətbuat Şurasının sədri Rövşən Hüseynovun və digərlərinin çıxışları dinlənilib. Çıxışlarda Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolundan danışılıb, bu sahədə əlaqələrin genişləndirilməsi üçün təkliflər səsləndirilib.
Qeyd olunub ki, qeyri-neft sektoru üzrə respublikamızın turizm gəlirlərinin həcmi ildən-ilə artmaqdadır. Naxçıvan Muxtar Respublikası da ölkəmizin mühüm turizm mərkəzlərindəndir. Muxtar respublikanın turizm potensialı turistlərin diqqətini cəlb edir. Turistlərə xidmət göstərən gömrük-keçid məntəqələri, ən müasir təyyarələri qəbul edən beynəlxalq hava limanı, etibarlı yol-nəqliyyat infrastrukturu, müasir standartlara cavab verən mehmanxanalar, zəngin milli mətbəx təklif edən yeməkxana və restoranlar, qədim və zəngin tarixi-mədəni irs, qonaqların muxtar respublikanın hər bir nöqtəsində rahat hərəkətini təmin edən təhlükəsiz şərait Naxçıvana gələn turistlərin sayının artmasına səbəb olub. Hazırda il ərzində 400 mindən çox turistin səyahət etdiyi Naxçıvan dövlət başçılarının işgüzar görüşlər keçirdiyi, tanışlıq-maarifləndirmə, müalicə-rekreasiya, idman-sağlamlıq və dini-ziyarət məqsədilə səyahət edən turistlərin ən çox müraciət etdikləri məkana çevrilib.
Diqqətə çatdırılıb ki, formalaşan turizm potensialından səmərəli istifadə etmək üçün tələb olunan çox ciddi təşkilati-kadr məsələləri ilə yanaşı, sözsüz ki, təbliğat mexanizminin də uğurlu olması mühüm amildir. Bu baxımdan, məqsədyönlü şəkildə həyata keçirilən təbliğat vasitəsilə turizmdən əldə olunan nəticələri dəfələrlə yaxşılaşdırmaq mümkündür.
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru Surə Seyid konfransa yekun vuraraq, aparılan müzakirələrin səmərəli olacağına əminliyini ifadə edib.