REGİONLAR
Naxçıvanın ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilində uğurlu nəticələr əldə olunub
Naxçıvan, 18 dekabr, AZƏRTAC
Son illərdə təhsilimizin davamlı inkişafı, müasir təhsil modeli məktəblərdə psixoloji işin düzgün qurulmasını da zərurətə çevirib. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusunda keçirilən elmi-praktik konfransda qarşıda duran vəzifələrdən danışılıb.
Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransı institutun rektoru, dosent Elbrus İsayev açaraq bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında mühüm istiqamətlərdən biri də insan kapitalının müasir tələblər səviyyəsində inkişaf etdirilməsidir.
İnstitutda pedaqoji kadr hazırlığı istiqamətində görülən işlərdən danışan rektor qeyd edib ki, ali təhsil ocağının vəzifələri sırasında ən mühümü təhsildə psixoloji xidmətin müasir tələblərə uyğun, düzgün qurulmasıdır. Bu tədris ilindən etibarən institutda ayrıca psixologiya ixtisası tədris olunacaq və ilk dəfə bu ixtisas üzrə qəbul aparılacaq. Bu sahə ilə bağlı tədris nəşrlərinin hazırlanması diqqətdə saxlanılacaq ki, bu da psixologiya sahəsində peşəkar mütəxəssislərin yetişməsində mühüm rol oynayacaq.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək diqqətə çatdırıb ki, muxtar respublikanın ümumtəhsil müəssisələrində psixoloji xidmətin yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanılır. Bu məqsədlə məktəblərdə psixoloq otaqları yaradılır.
Rəhman Məmmədov deyib: Hazırda bir sıra ali təhsil müəssisələrində psixoloq ixtisası üzrə mütəxəssislər hazırlanır. Əvvəlki dövrlərdə məktəb psixoloqu vəzifələri təhsil yarmarkaları vasitəsilə tutulurdusa, 2018-ci ildən etibarən bu vəzifəyə kadrlar müsabiqə yolu ilə seçilir. Bu illərdə ümumtəhsil məktəblərində müsabiqədən keçmiş 13 psixoloq vəzifəyə təyin olunub.
Qeyd edilib ki, ümumtəhsil müəssisələrində psixoloji xidmətin səviyyəsinin yüksəldilməsi bu gün aktual məsələlərdən biridir. Muxtar respublikanın Təhsil Nazirliyi ümumtəhsil məktəblərində müntəzəm monitorinqlər aparır və müxtəlif sahələrdə olan çatışmazlıqların aradan qaldırılması istiqamətində əməli tədbirlər görür. Bu tədbirlər çərçivəsində seminarların və konfransların təşkili də mühüm mərhələdir. Keçirilən konfrans da ümumtəhsil məktəblərində aparılmış monitorinqlər zamanı psixoloji xidmətin təşkili səviyyəsində olan çatışmazlıqların aradan qaldırılması məqsədinə xidmət edir.
Nazir ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması mövzusundakı konfransın, eləcə də konfransdan sonra məktəb psixoloqları üçün təşkil olunacaq birhəftəlik ixtisasartırma kursunun məktəblərdə psixoloji xidmətin gücləndirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm rol oynayacağına əminliyini bildirib, konfransın işinə uğurlar arzulayıb.
Sonra ixtisasartırma və yenidənhazırlanma üzrə prorektor, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzovun, psixologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Hacıyevanın, pedaqogika və psixologiya kafedrasının baş müəllimi Çapay Quliyevin və digərlərinin çıxışları dinlənilib.
Sonda konfrans iştirakçıları psixoloji xidmət laboratoriyasında avadanlıqlarla, həmçinin psixologiya kabinəsində psixoloji xidmət vasitələri ilə tanış olublar.