REGİONLAR


Naxçıvanla tanışlıq qonaqlarda xoş təəssürat yaradıb

Naxçıvan, 19 fevral, AZƏRTAC

İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zonnourinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 18-də Naxçıvan Muxtar Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səfər çərçivəsində qonaqlar Naxçıvan şəhərində yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Möminə Xatun türbəsi ilə tanışlıq zamanı bildirilib ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan bu türbə 1186-cı ildə tikilib. İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə Xatun türbəsi yeraltı, yəni sərdaba və yerüstü hissələrdən ibarətdir. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə qalan abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Kompleksdəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində isə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılıb, Ali Məclis sədrinin 2015-ci il 2 fevral tarixli Sərəncamına əsasən bu mədəniyyət müəssisi artıq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirir. Qeyd olunub ki, muzeyin yerləşdiyi bina XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Bina 1760-cı illərdə Naxçıvan xanı Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən tikdirilib. Şərq memarlığı üslubunda tikilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış yeri olub, həmçinin xanlığın siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Hazırda 9 ekspozisiya zalından ibarət olan muzeydə Naxçıvan xanlığı, Kəngərlilər sülaləsi, bu sülalənin tanınmış nümayəndələri haqqında yazılı materiallar, çap əsərləri, fotoşəkillər, xatirə əşyaları sərgilənir.

Həmin gün Culfa rayonuna səfər edən İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zonnouri və onun başçılıq etdiyi heyət Culfa Dəmir yolu Stansiyasının inzibati binası ilə tanış olub. Burada qonaqlara dəmir yolu stansiyasının infrastrukturu haqqında məlumat verilib, Azərbaycan, Rusiya və İran İslam Respublikası ilə əlaqələrdə əhəmiyyətindən bəhs edilib.

Sonra qonaqlar Araz çayı üzərindən keçən Culfa-Culfa dəmir yolu xəttinə baxıb, Culfa Gömrük İdarəsinin fəaliyyəti ilə tanış olub.

İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zonnourinin başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri həmin gün başa çatıb.

Qeyd edək ki, qonağı səfər zamanı İran İslam Respublikası İslami Şura Məclisinin deputatları Əli Əlizadə, Mahmud Abbaszadə Meşkini, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müavini Seyid Əhməd Musəvi Məliki, beynəlxalq ekspert Əlirza Pişəvər, İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Seyid Əhməd Hüseyni müşayiət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.