REGİONLAR
Naxçıvanlı alimlər XXI Beynəlxalq təhsillə bağlı texnologiya və xidmətlər sərgisində iştirak edəcəklər
Naxçıvan, 4 oktyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov və Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova Rusiyada keçiriləcək XXI Beynəlxalq təhsillə bağlı texnologiya və xidmətlər sərgisində iştirak edəcəklər.
AMEA Naxçıvan Bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə aktuallığı və elmi-pedaqoji əhəmiyyətinə görə müəlliflərin “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri”, “Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit”, “Təbiətin möcüzəsi – su”, “Naxçıvan Muxtar Respublikasının mineral suları” və “Naxçıvan Muxtar Respublikasının kəhriz və bulaq suları” kitabları oktyabrın 12-15-də Soçidə keçiriləcək sərgidə nümayiş olunacaq.
Sözügedən kitabların rus və ingilis dilində 3 səhifəlik xülasələri sərginin kataloqunda dərc ediləcək.
Qeyd edək ki, müəlliflərin kitab və elmi-metodik komplekslərinin ingilis dilində kataloqu bu il noyabrın 6-10-da Avstriyanın Vyana şəhərində keçiriləcək Beynəlxalq Vyana kitab sərgisində iştirak etmək hüququ qazanıb.