REGİONLAR
Naxçıvanlı alimlərin kitablarının təqdimatı keçirilib
Naxçıvan, 20 sentyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağının şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Teyyub Paşayevin “Zəfəranın Naxçıvan Muxtar Respublikasında introduksiyası”, həmin institutun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Məmmədovun “Naxçıvan Muxtar Respublikası şəraitində ev quşlarının koksidiləri” və institutun böyük elmi işçisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Loğman Bayramovun və Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə elmlər doktoru Varis Quliyevin həmmüəllifi olduqları “Naxçıvan Muxtar Respublikasında armud bitkisinin genefondu və bioloji xüsusiyyətləri” adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.
Akademiyanın Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bölmənin Elektron kitabxanasında keçirilən tədbirdə Varis Quliyev çıxış edərək həmmüəllifi olduğu monoqrafiyada armud sortlarının təsərrüfat-bioloji xüsusiyyətləri, artırılma üsulları, torpağın əkin üçün hazırlanması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, kimyəvi tərkibi, iqtisadi səmərəliliyi kimi məsələlərin öz əksini tapdığını deyib.
“Naxçıvan Muxtar Respublikası şəraitində ev quşlarının koksidiləri” adlı nəşrdə ev quşlarında parazitlik edən koksidilərin növ tərkibi, biologiyası barədə məlumatlar, “Zəfəranın Naxçıvan Muxtar Respublikasında introduksiyası” adlı kitabda isə əkin zəfəranının iqlimləşdirilməsi ilə əlaqədar aparılan elmi-tədqiqatların nəticələri əks olunub.
Bioresurslar İnstitutunun elmi katibi, biologiya elmləri üzrə fəlsəfə doktoru Ənvər İbrahimov, həmin institutun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Sahib Hacıyev, Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri biologiya elmləri üzrə fəlsəfə doktoru Ramiz Ələkbərov və digərləri çıxış edərək, nəşrlərlə bağlı öz fikirlərini bölüşüblər.