CƏMİYYƏT


Naxçıvanlı məktəblilər “Atəşgah məbədi” və Zirə Mədəniyyət Mərkəzindən xoş təəssüratla ayrılıb VİDEO

Bakı, 25 mart, AZƏRTAC

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasından Bakıya gələn məktəblilər martın 25-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.

AZƏRTAC xəbər verir ki, məktəblilər burada bayram ab-havasında - musiqi, rəqs və Novruz xonçası ilə qarşılanıb.

Məbədlə tanışlıq zamanı şagirdlərə bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Bakının mərkəzinin 30 kilometrliyində, Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi”, demək olar, bütün dünyada tanınır. Qədim dövrlərdə bu ərazidə zərdüşti atəşpərəstlərin məbədi yerləşib. Əbədi alova mistik əhəmiyyət verən atəşpərəstlər müqəddəs oda tapınmaq üçün buraya gəliblər.

XV-XVII əsrlərdə ticarət karvanları ilə Abşerona gələn atəşpərəst hindular Suraxanını ziyarət ediblər. Hindli tacirlər qədim məbədin yerində yeni tikililər inşa ediblər. “Atəşgah məbədi”nin ən erkən tikilisi 1713-cü ilə aiddir. XVIII əsrdə məbədin ətrafında ibadətgah, hücrələr, karvansara inşa edilib.

Vurğulanıb ki, 2012-ci ilin sentyabr ayından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib. Hazırda qədim atəşpərəst məbədinin qapıları yenidən ziyarətçilər üçün açıqdır və dünyanın hər yerindən turistləri cəlb edir.

Sonra naxçıvanlı məktəblilər Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda olublar.

Şagirdlərə məlumat verilib ki, Mərdəkan qəsəbəsində yerləşən dendrari 1895-1920-ci illərdə mesenat və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Murtuza Muxtarovun evi ilə tanış olan məktəblilərin diqqətinə çatdırılıb ki, bina “qotik” üslubunda gəmi formasında layihələndirilib. Divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarətdir. Binaların eyvanı hər yandan gəmi kayutasını xatırladır.

Məktəblilərə məlumat verilib ki, dendrarinin ümumi sahəsi 24 hektardır. Burada bitən flora növlərinin sayına və yaşına görə Mərdəkan dendrarisi dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir.

Naxçıvanlı məktəblilərin son səyahət ünvanı Zirə Mədəniyyət Mərkəzi Eko-Parkı olub.

Şagirdlərə mərkəz haqqında ətraflı məlumat verərək bildiriblər ki, ümumi sahəsi on hektar olan Eko-Park xüsusi landşaft dizaynı ilə layihələndirilib. Burada 50 mindən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100 mindən artıq kol, 1 milyona yaxın çiçək və gül əkilib.

Mərkəzdəki şahmat sinfində bu qədim oyunun sirlərini öyrənmək istəyənlərin məntiqi düşüncələrinin düzgün formalaşdırılması üçün ən müasir elektron texnologiya qurulub. Kabinet elektron şahmat lövhələri ilə təmin edilib. Oyunlar eyni vaxtda internet vasitəsilə monitorda nümayiş olunur. Həmçinin mərkəzdə dərzilik kursu, tikiş dərsləri keçirilir, geyimlər nümayiş edilir.

Buradakı Zirə Xalça Muzeyində 150 ildən çox yaşı olan Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri qorunur. Burada xovlu və xovsuz xalçalar, kilim, palaz nümunələri nümayiş olunur. Xüsusi elektron tanıtım sistemi ilə təchiz edilən muzeydə hər bir xalça haqqında Azərbaycan və ingilis dillərində geniş məlumat verilir.

Xalça Muzeyinin nəzdində Xalçaçılıq Tədris Mərkəzi də fəaliyyət göstərir. Burada xalçalarımız haqqında praktik və nəzəri dərslər keçirilir. Bu dərslərdə müxtəlif yaş qruplarına aid insanlar iştirak edir. Tədris mərkəzi xalçaçılıqda istifadə olunan ləvazimatlarla, Azərbaycan xalçaçılığından bəhs edən audio və videomateriallar, kitablar, kataloq və jurnallarla təmin olunub.

Vurğulanıb ki, mərkəzdə tədris zamanı istifadə edilən xalça eskizlərinin və çeşnilərin hazırlanması üçün rəssamlıq otağı da yaradılıb. Mərkəzdə 300 nəfərlik 3D kinozalı da fəaliyyət göstərir. Burada xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq və havalandırma sistemləri qurulub. Zalda konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkündür.

Mədəniyyət Mərkəzində yeni evlənənlər üçün müxtəlif mərasimlərin və əyləncələrin təşkili ilə bağlı geniş imkanlar var.

Rəqəmsal texnologiyanın ən son avadanlıqları ilə təchiz edilən foto-videostudiyada xüsusi fon pərdələri, işıq sistemi, kompüterləşmiş fotoavadanlığı qurulub. Studiyada peşəkar çəkiliş və xidmətlə yanaşı, foto-video-montaj dərslərinin keçirilməsi, mərasimlərin işıqlandırılması nəzərdə tutulub.

Məktəblilər gəzintidən xoş təəssüratla ayrılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.