REGİONLAR


Naxçıvanlı melioratorlar yaz-tarla işlərinə hazırdır

Naxçıvan, 9 aprel, AZƏRTAC

Muxtar respublikada suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqətdə saxlanılır. İlin əvvəlindən bu günədək anbarlara 200 milyon kubmetr su yığılıb, 74 kilometr beton və torpaq kanal, 55 kilometr ara arxlar, 8 kilometr kollektor lildən təmizlənib, 2,4 kilometrlik yeni suvarma və içməli su xətləri çəkilib. Bu dövrdə 4 kəhriz bərpa olunub, 111 subartezian quyusu isə təmir edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Kəngərli rayonunun Yurdçu kəndi ərazisində 56 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb, 1300 metr paylayıcı boru xətti çəkilib. Həmçinin rayonda 6,7 hektar torpaq sahəsi əkin üçün yararlı vəziyyətə gətirilib.

Həyata keçirilən meliorativ tədbirlər nəticəsində muxtar respublika üzrə 202 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Torpaqları sel sularından qorumaq məqsədilə Naxçıvançay, Cəhriçay, Vənəndçay vadilərində, Qahab və Sirab selovlarında 4 kilometr istiqamətləndirici bənd tikilib. Yeni əkilmiş yaşıllıq sahələrinin suvarma suyu ilə təmin olunması üçün Şərur rayonunun Danyeri kəndində sol sahil magistral kanal üzərində və Kəngərli rayonunun Qıvraq qəsəbəsində təmir-bərpası aparılan kəhrizin çıxışında yeni nasos aqreqatları quraşdırılıb.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Ordubad rayonunda su anbarlarında nasoslar quraşdırılıb və birləşdirici xətlər çəkilib. Şərur rayonunda sutəmizləyici qurğunun, Babək rayonunda içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Bundan başqa, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisinə başlanılıb, 8795 metr içməli su xətti çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.