REGİONLAR
Naxçıvanlı rəssamlar Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər
Naxçıvan, 22 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri görkəmli fırça ustası Bəhruz Kəngərlinin 130 illik yubileyi münasibətilə onun muzeyini ziyarət ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rəssamlar əvvəlcə Bəhruz Kəngərli adına Rəssamlar Parkında rəssamın abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra muzey ziyarət olunub. Burada rəssamlara məlumat verilib ki, ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına daim böyük qayğı göstərib. Dahi şəxsiyyətin şəxsi təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz Kəngərlinin xatirəsinə muzey yaradılıb, 2002-ci il 18 iyun tarixində bu muzeyin açılış mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 12 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən bir sıra tədbirlər həyata keçirilib. Bəhruz Kəngərli Muzeyi müasir tələblər səviyyəsində yenidən qurulub, 2013-cü ildə yenidənqurmadan sonra açılışı olan muzey yeni eksponatlarla daha da zənginləşdirilib. Rəssamın Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılan 200-ə yaxın əsərinin yüksəkkeyfiyyətli surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə gətirilib. Hazırda muzeydə Bəhruz Kəngərli irsinə aid 1300-dən çox eksponat nümayiş olunur. Bunlardan da 61-i orijinal rəsm əsəridir.