REGİONLAR
Naxçıvanlı sənətkar Azərbaycan sənturunu hazırlayıb VİDEO
Naxçıvan, 16 dekabr, AZƏRTAC
Səntur qədim milli musiqi alətlərindən biridir. Naxçıvanlı sənətkar yatıq sazlar ailəsinə məxsus olan Azərbaycan sənturunu hazırlayıb.
İxtiyar Seyidov illərdir Naxçıvan Musiqi Kollecində saz ixtisasını tədris etməklə yanaşı, milli musiqi alətlərinin hazırlanması ilə də məşğul olur. O, indiyədək yüzlərlə gəncə aşıq sənətinin incəliklərini öyrədib.
Qədim musiqi alətlərimizi böyük ustalıqla hazırlayan İxtiyar Seyidov bildirib ki, sənturun ən qədim və sadə nümunələrinə Tuva və Xakas xalqları arasında rast gəlmək olar. Osmanlı türklərində iki növ səntur mövcuddur: alafranqa və türk sənturları. Quruluşuna, çalğı tərzinə, səs düzümünə və başqa cəhətlərinə görə sənturun bu növləri bir-birinə çox yaxındır. Alət 9 və 12 xərəkli olaraq düzəldilir.
İxtiyar Seyidov deyib ki, bu ilin fevral ayından Azərbaycan sənturu üzərində işləməyə başlayıb. Trapesiyaşəkilli aləti səs sisteminə toxunmadan milli atributumuz - buta formasına salıb. Bu, İxtiyar Seyidovun musiqi alətlərinin ixtirası, bərpası sahəsində son işi deyil. O, sənturun 12 xərəkli nümunəsini yaratmağı da planlaşdırır.
Qeyd edək ki, İxtiyar Seyidov, həmçinin Naxçıvan tənburu və Ovuc neyi alətlərinin də yaradıcısıdır. Sənətkar xammal kimi əsasən Naxçıvanın dağ kəndlərindən topladığı tut, qoz və armud ağaclarından istifadə edir. O, bu sahədəki səmərəli fəaliyyətinə görə 2014-cü ildə “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif olunub.
İxtiyar Seyidov bildirib ki, Möminə Xatın türbəsinin yaxınlığında yerləşən emalatxanasının qonaqları daha çox gənclər və Naxçıvana gələn turistlərdir. “Onların bu alətlərə marağı çoxdur və çalışıram ki, bizim bu milli musiqi alətlərimiz itib–batmasın. Bir alət iki-üç aya ərsəyə gəlir. Düzəltmək istədiyim çox alət var. Hazırda Zaqatala tənburu üzərində çalışıram”, - deyə sənətkar vurğulayıb.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu