CƏMİYYƏT
Nayrobi sammiti çərçivəsində Azərbaycanda qadın hüquqları sahəsində görülmüş işlərdən danışılıb
Bakı, 15 noyabr, AZƏRTAC
Keniyanın paytaxtı Nayrobidə keçirilən sammit çərçivəsində “Qadınlar rəhbərlik etdikdə” adlı yüksək səviyyəli görüş təşkil olunub. Görüşdə həmsədrlər, iştirakçı ölkələrin birinci xanımları və idarəetmədə yüksək vəzifələrdə çalışan, o cümlədən beynəlxalq təşkilatları rəhbər səviyyədə təmsil edən qadınlar öz fikirlərini bölüşüblər. Çıxışçılar qadınların bu sahədəki uğurları və nailiyyətləri barədə danışıb, qarşıda duran vəzifələri müzakirə ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qurumun sədri Hicran Hüseynova BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktor müavini xanım Laura Laden ilə görüşüb. Əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirilən görüşdə BMT Əhali Fondu ilə görülən işlərdən, reallaşdırılan layihələrdən və əldə olunan müsbət nəticələrdən danışılıb.
Dövlət Komitəsinin sədri, həmçinin bir sıra ikitərəfli görüşləri də keçirib. BMT-nin Əhali Fondunun (UNFPA) icraçı direktoru xanım Natalia Kanem, Butan Kraliçası Gyalyum Sangay Choden Vangçuk, BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Başele, Konqo Respublikasının birinci xanımı Antoinet Sassu Nguesso, Keniya Respublikasının birinci xanımı Marqaret Kenyatta, Maldiv Respublikasının Milli Planlaşdırma və İnfrastruktur naziri Muhamed Aslanla görüşlərdə qadın hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlərdən, əlaqələrin genişləndirilməsindən bəhs olunub.
Hicran Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə qadın və qızların hərtərəfli inkişafı üçün bütün imkanlar yaradılıb, bu sahədə sistemli iş aparılır. Xüsusilə qadın sahibkarlığın inkişafı istiqamətində müsbət nəticələrin qazanıldığını bildirən Komitə sədri qeyd edib ki, torpaqlarımızın 20 faizinin işğal altında qalmasına, 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, ölkəmiz sürətlə inkişaf edir, onun iqtisadi imkanları artır. Bu da öz növbəsində vətəndaşların, o cümlədən qadınların rifahının yüksəlməsinə və sosial müdafiəsinin güclənməsinə səbəb olur.