İQTİSADİYYAT


Nazir: 10 ildə Azərbaycanın elektrik enerjisi ixracı 3 dəfə artıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Ötən 10 il ərzində Azərbaycanın elektrik enerjisi ixracı 3 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, yeni stansiyaların tikintisi ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisinin ixracına da imkan verir. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kilovat/saat elektrik enerjisi idxal edilirdisə, 2019-cu ildə bu göstərici 136,9 milyon kilovat/saata qədər azalıb. İxrac isə 10 il ərzində 3 dəfə artaraq 1,5 milyard kilovat/saata qədər yüksəlib. Cari ilin 9 ayı ərzində 104,3 milyon kilovat/saat elektrik enerjisi idxal, 841,9 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib. Gürcüstana 450,2 milyon kilovat/saat, Rusiyaya 92,5 milyon kilovat/saat, Türkiyəyə 101,8 milyon kilovat/saat, İrana 197,4 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 64,7 milyon kilovat/saat, İrandan 22,8 milyon kilovat/saat, Gürcüstandan 16,8 milyon kilovat/saat olub.

O deyib ki, elektrik enerjisinin mübadiləsi hazırda Azərbaycan və Gürcüstan arasında 500 kilovoltluq Samux-Qardabani və 330 kilovoltluq Ağstafa-Qardabani, Türkiyə ilə iki dövrəli 154 kilovoltluq “İğdır-Babək”, 34,5 kilovoltluq “Aralıq-Sədərək”, Rusiya ilə 330 kilovoltluq “Yaşma-Dərbənd”, 110 kilovoltluq “Yalama-Bilici” elektrik verilişi xətləri vasitəsilə həyata keçirilir. Azərbaycanla İranın enerji sistemləri arasında elektrik enerjisi mübadiləsi isə 330 kilovoltluq “Muğan”, 230 kilovoltluq “İmişli”, 110 kilovoltluq “Astara-Astara”, 132 kilovoltluq “Araz-Araz” və 132 kilovoltluq “Culfa-Culfa” elektrik veriliş xətləri vasitəsilə reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.