İQTİSADİYYAT
Nazir Əli Abbasov: Azərbaycan İnternetin inkişafında fəal iştirak edir
Bakı, 5 noyabr (AZƏRTAC). Azərbaycan İnternetin inkişafında fəal iştirak edir, respublikada İnternetdən istifadə sərbəstdir, “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı isə bir milyon nəfərə yaxınlaşır.
Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu sözləri Bakıda keçirilən İnternet idarəçiliyi problemləri üzrə forum (İGF) çərçivəsində nazirlərin “Sıx əlaqəli dünyada çağırışlar” mövzusunda görüşündə söyləmişdir.
Nazir vurğulamışdır ki, ölkəmizdə İnternet xidmətlərinin inkişafına xüsusi diqqət yetirilir. Ə.Abbasovun sözlərinə görə, İnternet hər kəs üçün əlyetərli, ondan istifadə sərbəst olmalıdır. Ə.Abbasov vurğulamışdır: “Bu baxımdan, Azərbaycanda İnternet dövlətin nəzarəti və idarəçiliyi altında deyildir, o, ölkənin hər bir vətəndaşı üçün tamamilə əlyetərlidir”.
Müasir dünyanın fiziki və virtual hissələrə bölündüyünü qeyd edən nazir virtual məkanda da təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulamışdır. Onun sözlərinə görə, hazırda dünya ölkələri qarşısında duran ən mühüm vəzifələrdən biri məhz informasiya təhlükəsizliyi, virtual təhdidlərdən səmərəli müdafiə məsələsidir.
Nazirlərin görüşündə BMT Baş katibinin müavini, iqtisadi və sosial əlaqələr departamentinin rəhbəri Vu Honqbo, BMT Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Tur, UNESCO-nun baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanis Karklins, habelə Əfqanıstan, Albaniya, Misir, Sloveniya, Tunis, Rusiya, Ukrayna və digər ölkələrin nümayəndələri çıxış etmişlər.