CƏMİYYƏT


Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır

İslamabad, 20 noyabr, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin səhiyyə xidmətləri, tənzimləmə və koordinasiya üzrə federal naziri Əmir Mehmud Kiyani ilə görüşüb. Görüşdə Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlardan, əldə olunan nailiyyətlərdən, ölkəmizin səhiyyə turizmi potensialından danışılıb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Heydər Əliyev Fondunun Pakistanda səhiyyə sahəsində həyata keçirdiyi xeyriyyə layihələrindən bəhs edilib, əməkdaşlıq imkanları müzakirə olunub, hər iki ölkənin bir-birinə daim göstərdiyi dəstəkdən məmnunluq bildirilib. Həmçinin Azərbaycanda tibb sahəsində təhsil alan pakistanlı tələbələrə yaradılan şəraitdən danışılıb.

Əmir Mehmud Kiyani Pakistanın Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazır olduğunu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə əməkdaşlığa dair müqavilə-hüquq bazasının yaradılmasının məqsədəuyğun olduğunu bildirib. O, pakistanlı tibb işçilərinin Azərbaycanda təcrübə keçməsində, bu ölkənin istehsal etdiyi dərman vasitələrinin, cərrahiyyə alətlərinin və digər avadanlığın tibbi klinikalarda tanıtdırılmasında, müxtəlif konfrans, seminarlarda iştirakda, səhiyyə turizmi və bir çox digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.