MƏDƏNİYYƏT


Nazir Anar Kərimov Yevlaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Bakı, 30 noyabr, AZƏRTAC

Mədəniyyət naziri Anar Kərimov Yevlax şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul etdikdən sonra burada bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alan Anar Kərimov mədəniyyət ocaqlarında işin günün tələblərinə uyğun qurulması ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.

Mədəniyyət naziri Yevlax rayonunun Aran qəsəbəsində Uşaq Musiqi Məktəbinin və Mədəniyyət evinin fəaliyyəti ilə tanış olub. Nazirə məlumat verilib ki, musiqi məktəbi 1985-ci ildə fəaliyyətə başlayıb, 2019-cu ildə məktəbin yeni binası istifadəyə verilib. Məktəbdə fortepiano, tar, qarmon, kamança və xanəndəlik ixtisasları tədris olunur, 144 şagird təhsil alır, 46 müəllim çalışır. Mədəniyyət evi 1958-ci ildə istismara verilən binada həmin ildə fəaliyyətə başlayıb. 2019-cu ildə binası Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir olunub.

Səfər çərçivəsində Yevlax şəhərində 1 və 2 nömrəli uşaq musiqi məktəblərinə baxış keçirilib. Məlumat verilib ki, 1964-cü ildə fəaliyyətə başlayan 1 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano, violin, tar, qarmon, xanəndəlik ixtisasları üzrə tədris aparılır, 104 müəllim çalışır, 311 şagird təhsil alır. 1991-ci ildən fəaliyyət göstərən 2 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano, tar, nağara, xanəndəlik, qarmon və saz ixtisasları üzrə tədris aparılır, 78 müəllim çalışır, 247 şagird təhsil alır.

Anar Kərimov Yevlax Tarix-diyarşünaslıq Muzeyinə baxış keçirib. 2005-ci ildə fəaliyyətə başlayan muzeyin əsas fondunda 2580 eksponat mühafizə edilir, onlardan 800-ü daimi sərgilənir.

Mədəniyyət naziri Yevlax şəhər Mədəniyyət Mərkəzində, mərkəzin filialları kimi fəaliyyət göstərən Heydər Əliyev Sarayında və Şəhər Yaradıcılıq evində olub. Qeyd olunub ki, 2015-ci ildən fəaliyyət göstərən Mədəniyyət Mərkəzi 1982-ci ildə Mədəniyyət Evi kimi fəaliyyətə başlayıb. Anar Kərimov 2007-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ildən həyata keçirilən əsaslı təmir işləri ilə tanış olub, yenidənqurma işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair tapşırıq və tövsiyələrini verib.

Yevlax şəhər MKS-nin Mərkəzi Kitabxanasına gələn Anar Kərimov kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə ətraflı məlumat alıb. Nazirə məlumat verilib ki, hazırda 500 minə yaxın kitab fondu olan Mərkəzi Kitabxana 1976-cı ildən fəaliyyət göstərir. Binası 1975-ci ildə istismara verilib və 2019-cu ildə bina Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.