MƏDƏNİYYƏT


Nazir Anar Kərimovun Afrika ölkələrindən olan UNESCO üzrə milli komissiyaların baş katibləri və nümayəndələri ilə görüşü keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

ADA Universiteti, universitetin İnkişaf və Diplomatiya İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə təşkilatçılığı ilə sentyabrın 24-də təlim proqramı başlayıb. Təlimə Afrikanın 14 ölkəsinin UNESCO üzrə milli komissiyalarının baş katibləri və nümayəndələri cəlb olunub.

Oktyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimovun Afrika ölkələrindən olan UNESCO üzrə milli komissiyaların baş katibləri və nümayəndələri ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Anar Kərimov UNESCO-nun ali məqsədi olan irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsi prinsiplərinə Azərbaycanın da öz töhfəsini verdiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” qlobal platforması haqqında danışan Anar Kərimov vurğulayıb ki, ölkəmizin belə bir hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsas səbəbi ərazisində tarixən fərqli dini mənsubiyyəti olan milli-etnik qrupların, icmaların və zəngin mədəni müxtəlifliyin olmasıdır.

A.Kərimov həmçinin Mədəniyyət Nazirliyi tərəfindən ötən il irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra çıxış edən ADA Universitetində ixtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılova təlim kursu haqqında danışıb. Söyləyib ki, proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.

Nərgiz İsmayılova təlim proqramının Azərbaycan və Afrika ölkələrinin UNESCO üzrə milli komissiyaları arasında əməkdaşlığı və ikitərəfli əlaqələri gücləndirəcəyinə ümidvar olduğunu bildirib, təlimə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkür edib.

Sonda qonaqlar Beynəlxalq Muğam Mərkəzi ilə tanış olublar.

Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq proqramın iştirakçıları Azərbaycanın UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan məkanlarını da ziyarət edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.