REGİONLAR
Əzəddin Mihobi: Naxçıvanda tarixi və dini-mədəni mirasın qorunmasına xüsusi diqqətlə yanaşılır
Naxçıvan, 22 iyun, Tural Kəngərli, AZƏRTAC
Naxçıvan şəhərinin 5 minillik tarixinin olması və insanların bu tarixi mirası qoruması məndə böyük təəssürat yaratdı. Səfər çərçivəsində gəzib-gördüyümüz bütün yerləri, xüsusən bərpa olunmuş abidələri böyük maraqla izlədik. Görünür ki, burada tarixi və dini-mədəni mirasın qorunmasına xüsusi diqqətlə yanaşılır.
Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinin iştirakçısı olan Əlcəzairin mədəniyyət naziri Əzəddin Mihobi deyib.
“Müqəddəs Əshabi-Kəhfi ziyarət etmək mənim ən böyük arzum olub. Naxçıvana səfərim bu arzuya qovuşmağım üçün böyük fürsət oldu” – deyən Əzəddin Mihobi qeyd edib ki, belə ziyarətgahların bütün insanlar üçün əlçatan olması, bura gedən yolların, həmçinin ziyarətgahların abadlaşdırılması da məni sevindirir. Ona görə ki, burada dövlət İslam adət- ənənələrinin qorunması üçün əhəmiyyətli işlər görür.
Əlcəzairin mədəniyyət naziri deyib: “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirakımdan çox məmnun oldum. Məni bu tədbirə dəvət edənlərə minnətdaram. Proqramı mükəmməl təşkil olunmuşdu və bundan çox dərin təəssüratlar aldıq”.