İQTİSADİYYAT


Nazir: Beynəlxalq ictimaiyyət Ermənistanı təxribat fəaliyyətindən əl çəkməyə çağırmalıdır

Bakı, 16 oktyabr, AZƏRTAC

Beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada ilə görüşdə səsləndirib. Görüş zamanı R.Quluzadə səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə məlumat verib.

Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Ordubad rayonlarına, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 3-ü uşaq olmaqla, 47 dinc sakin həlak olub, 23-ü uşaq olmaqla 230-a yaxın mülki şəxs yaralanıb. 38 məktəb daxil olmaqla 2 mindən çox mülki infrastruktura, o cümlədən telekommunikasiya və poçt infrastrukturuna ziyan dəyib.

“Sentyabrın 27-də Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndində bir ailənin beş üzvü, o cümlədən 13 və 14 yaşlı, bir ailənin 2 məktəbli üzvü Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Ermənistanın hücumları cəbhə zonasının və Ermənistanla sərhədin yaxınlığındakı yüzlərlə məktəbdə təhsil prosesinə ciddi ziyan vurub, azərbaycanlı uşaqların təhsil almaq hüququ bir daha pozulub. Oktyabrın 11-də gecə saatlarında cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərindəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla, 34 nəfər yaralanıb, 3 uşaq hər iki valideynini itirib. Oktyabrın 15-də Ermənistan silahlı qüvvələri işğal olunmuş Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket atıb. Beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi hərbi və müharibə cinayətlərinə görə sərt şəkildə qınamalı, bu fəaliyyətindən çəkinməyə çağırmalıdır”, – deyə R.Quluzadə vurğulayıb.

Görüşdə iki ölkə arasında innovasiya və yüksək texnologiyalar, o cümlədən tranzit daşımalar və aviasiya sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Hazırda ölkələrimiz arasında aviasiya sahəsində yükdaşımaların “Silkway” şirkəti vasitəsilə həyata keçirildiyini deyən səfir C.Vada gələcəkdə sərnişindaşımanın da inkişaf etdirilməsi istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb. Səfir bildirib ki, Azərbaycan və Yaponiya arasında turizmin inkişafı bu sahəyə təkan verə bilər: “Təəssüf ki, hazırda COVID-19 pandemiyası ilə əlaqədar turizm sahəsi bütün dünyada durğunluq yaşayır”.

Eyni zamanda, görüşdə Azərbaycanın yüksək texnologiyalar parklarında Yaponiyanın texnologiya şirkətləri tərəfindən elmtutumlu istehsalat müəssisələrinin yaradılması imkanları müzakirə olunub.

Nazir C.Vadanı ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.