İQTİSADİYYAT
Nazir: Bu il 5,9 milyard manat dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərin 37 faizi 6 ayda icra olunub
Bakı, 1 avqust, AZƏRTAC
Vergi və gömrük rüsumları yığımlarının təmin olunmasında hesab edirəm ki, böyük məsələlərdən biri bizim dövlət əsaslı vəsait qoyuluşu xərclərimizin ahəngdar icra olunmasıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə naziri Samir Şərifov iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə bildirib.
“Qeyd etməliyəm ki, cari ildə 5 milyard 980 milyon dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərimizin 37 faizi hələ ki, 6 ay ərzində icra olunub. Bunun bəzi obyektiv səbəbləri var. Onunla bağlıdır ki, bu məbləğdə təxminən 1 milyard 140 milyon manat kreditlər nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hesab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Hesab edirik ki, bunların ləngiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən də infrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var. Bu isə bizim vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında bizə müəyyən maneələr yarada bilər. Ona görə biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna - noyabr-dekabr aylarına təsadüf etməsin”, - deyə nazir vurğulayıb.