DÜNYA
Nazir Fahrettin Koca: Qurban bayramında koronavirus məhdudiyyətlərə əməl edilməsi hamı üçün vacibdir
Ankara, 29 iyul, AZƏRTAC
Gələcək bayramları daha yaxşı keçirmək üçün bu ilki Qurban bayramında koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərə əməl edilməlidir. Əl öpmək, qucaqlaşmaq, əl tutmaq, kütləvi toplanmaq Qurban bayramı günlərində koronavirus riskinin artmasına səbəb olan ciddi təhlükələrdir. İmkan daxilində bayram təbrikləri telefonla həyata keçirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Hazırda Türkiyədə koronavirus pandemiyasının birinci mərhələsinin bölgələr üzrə dalğavari hərəkətdə olduğunu diqqətə çatdıran nazir Fahrettin Koca bildirib ki, sosial məhdudiyyətlər virusun yayılma riskinin, o cümlədən ikinci dalğa təhlükəsinin qarşısının alınması üçün yeganə düzgün yoldur. Bayram namazlarının müəyyən edilmiş qaydalara uyğun olaraq qılınması tövsiyə edilir. Xəstə insanlar kütləvi tədbirlərə qatılmamalıdır. Bayram günlərində valilər bölgələrdəki vəziyyətə uyğun olaraq sərtləşdirilmiş tədbirlər haqqında qərar verəcəklər. Yeni dərs ilində təhsil prosesi qrafik üzrə başlanacaq. Lakin dərslərin hansı formada keçiriləcəyi koronavirus pandemiyası ilə bağlı ölkədəki vəziyyətdən asılı olacaq.
Qeyd edək ki, Türkiyədə koronavirus pandemiyasına qarşı ciddi tədbirlər görülməsinə baxmayaraq gündəlik aşkarlanan yoluxma sayı min nəfərə yaxın, ölüm halı iyirmi nəfər ətrafında dəyişməkdədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara