CƏMİYYƏT


Nazir: Hər il ölkənin əmək bazarına 100 min nəfərə yaxın yeni işçi qüvvəsi daxil olur

Bakı, 31 oktyabr, AZƏRTAC

Hazırda Azərbaycanın məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var. Lakin bu, onların səriştəsi və bacarığı olmadığı anlamına gəlmir. Sadəcə olaraq onların bacarıqlarının rəsmi təsdiq sənədi yoxdur. Bu baxımdan qeyri-formal və informal bacarıqların tanınması mexanizminin yaradılması böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, Azərbaycanda kifayət qədər insan hər hansı peşə müəssisəni və ya ali təhsil müəssisəsini bitirməyib. Əmək bazarında olanların əksəriyyəti orta ixtisas və peşə təhsilinə malikdirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda keçirilən konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 270 peşə standartı yenilənməli, 1000 peşə üzrə standartların hazırlanması işləri yekunlaşdırılmalıdır.

Prezident İlham Əliyevin təsdiqlədiyi “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”na da toxunan Sahil Babayev bu istiqamətdə görüləcək işlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Azərbaycan hazırda sürətlə inkişaf edir. Bu isə özü ilə birlikdə çətinliklər gətirir. Hər il ölkənin əmək bazarına 100 min nəfərə yaxın yeni işçi qüvvəsi daxil olur. Buna görə də məşğulluq strategiyası baxımından görülən tədbirlərin əhəmiyyəti böyükdür. Bununla yanaşı, növbəti dövrlər üçün hansı istiqamətlər üzrə əmək bazarının təşviq edilməli olduğu proqnozlaşdırılmalıdır".

Nazir hazırda Azərbaycanda yoxsulluq səviyyəsinin 5 faiz olduğunu da konfrans iştirakçılarının diqqətinə çatdırıb.

O, həmçinin iqtisadiyyatda müasir meyllərin peşə təhsili qarşısında yeni tələblər irəli sürdüyünü və əmək bazarında rəqabətədavamlı ixtisaslı kadrlara tələbatın artdığını qeyd edib, kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.