İQTİSADİYYAT
Nazir: Pandemiya dövründə sahibkarlara 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilib
Bakı, 12 fevral, AZƏRTAC
Pandemiya şəraitində biznesi itkilərdən qorumaq məqsədilə milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə müxtəlif istiqamətlərdə dəstək göstərilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 12-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə “Postpandemiya dövründə vergi sistemi” mövzusunda videoformatda keçirilən konfransda deyib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlar çərçivəsində sahibkarlara ümumilikdə 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilib. Sahibkarlara verilən müddətli vergi tətillərinin həcmi isə 115 milyon manat təşkil edib.
M.Cabbarov onu da əlavə edib ki, pandemiyanın zərərlərini azaltmaq məqsədilə sahibkarlara güzəştli kreditlərin ayrılması proqramı çərçivəsində 170 milyon manat güzəştli kredit verilib.