İQTİSADİYYAT


Nazir Rəşad Nəbiyev Beynəlxalq Telekommunikasiya İttifaqının növbəti Səlahiyyətli Konfransında çıxış edib

Bakı, 27 sentyabr, AZƏRTAC

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) sentyabrın 26-dan oktyabrın 14-dək Rumıniyanın Buxarest şəhərində növbəti Səlahiyyətli Konfransı keçirilir.

Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Rəqəmsal İnkişaf Və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Rəşad Nəbiyev konfransda çıxışında Azərbaycanın 1992-ci ildən BTİ-nin, 2014-cü ildən isə BTİ Şurasının fəal üzvü olduğunu bildirib: “İKT sektorunda ölkələrarası dialoqu genişləndirmək məqsədilə bu mötəbər beynəlxalq təşkilatla əməkdaşlığı davam etdirmək niyyətindəyik”.

Nazir Azərbaycanda “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının yalnız rəqəmsal transformasiya vasitəsilə mümkün olduğunu söyləyib: “Rəqəmsal transformasiyanın sürətləndirilməsinə yönəlmiş bir sıra dövlət proqramlarını qəbul etmişik və hazırda inkişaf etdiririk. Ölkənin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa davam edir, GPON və LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələr həyata keçiririk”.

Qeyd olunub ki, regional səviyyədə Azərbaycan Xəzər dənizinin dibi ilə Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsi üçün Transxəzər Fiber-Optik Kabel Xətti layihəsinin təşəbbüskarıdır. Bu təşəbbüs Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiya ölkələrində rəqəmsal xidmətlərin yaranması üçün imkanlar yaradacaq.

“Bu layihələr böyük əhəmiyyət kəsb edir və biz İKT-nin faydalarını bütün millətlərə və cəmiyyətin bütün təbəqələrinə çatdırmaq üçün resurslarımızı bir yerə toplamalı və sinerji yaratmalıyıq”, – deyə Rəşad Nəbiyev vurğulayıb.

Nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 4 ildən bir keçirilən Səlahiyyətli Konfransı zamanı təşkilatın Baş katibi, Baş katibin müavini, büro direktorları, o cümlədən BTİ-nin Radio Tənzimləmə Komitəsinə və BTİ-nin idarəedici orqanı olan Şuraya üzvlər seçilir. Sözügedən seçkilərdə Azərbaycanın 2023–2026-cı illər üzrə BTİ Şurasının üzvlüyünə, habelə nazirliyin nümayəndəsi Sahibə Abdullayevanın təşkilatın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədlikləri irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.