SİYASƏT


Nazir Roberto Ampuero: Çili Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Roberto Ampuero ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Roberto Ampuero azərbaycanlı həmkarının Çiliyə ilk rəsmi səfərini yüksək qiymətləndirərək, bu səfərin iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin möhkəmləndirilməsinə önəmli töhfə verəcəyinə əminliyini bildirib. O, Çilinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkə arasında bu il 25 illik yubileyi qeyd olunacaq diplomatik münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Bu xüsusda, Azərbaycanda Çili səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına yeni təkan verəcəyi diqqətə çatdırılıb.

Nazirlər iqtisadi-ticarət, təhsil, turizm, kənd təsərrüfatı, enerji, nəqliyyat, sərmayə qoyuluşu və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd ediblər.

Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. Bu kontekstdə Elmar Məmmədyarov həmkarını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırıb.

Tərəflər arasında, habelə beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Nazir Elmar Məmmədyarov Çili tərəfinin Qoşulmama Hərəkatının cari ilin oktyabr ayında Azərbaycanda keçiriləcək Sammitinə dəvət olunduğunu vurğulayaraq, Çilinin həmin tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.