İDMAN
Nazir: Ümummilli Liderin xatirəsi və miras qoyduğu ənənələr bizimlə daim yaşayacaq
Bakı, 4 fevral, AZƏRTAC
Bu il ölkəmizdə “Heydər Əliyev İli”dir. Bu il 100 illik yubileyini qeyd edəcəyimiz Ümummilli Lider Heydər Əliyevin xatirəsi və miras qoyduğu ənənələr bizimlə daim yaşayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun yanvar ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində yer alıb.
“Ulu Öndər Heydər Əliyevin ən böyük mirası olan dövlətimiz Prezident İlham Əliyevin uğurlu siyasəti ilə günbəgün qüdrətlənir. Dövlətimizin başçısının 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmançıları mükafatlandırması, tövsiyə xarakterli çıxışı idmanın inkişafına, kütləviliyə və sağlam gəncliyə nail olmaq üçün gələcək yol xəritəsinə çevrildi. “Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik”, - deyən Prezidentimizin gənc idmançıların hazırlanmasının mütəşəkkil qaydada təmin edilməli olduğunu vurğulaması və digər tövsiyələri qarşımıza yeni hədəflər və yeni tapşırıqlar qoydu. İnanıram ki, qarşıya qoyulmuş məqsədlərə doğru uğurla birlikdə addımlayacağıq”, - nazir qeyd edib.