ELM VƏ TƏHSİL
Nazir müavini: “EaPEC 2022” konfransının ölkəmizdə keçirilməsi Azərbaycan elminin inkişafına töhfə verəcək
Bakı, 28 sentyabr, AZƏRTAC
“EaPConnect” layihəsi çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə təşkil olunan, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağı “EaPEC 2022” konfransının ölkəmizdə keçirilməsi Azərbaycan elminin inkişafına mühüm töhfələr verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
Nazir müavini Firudin Qurbanov Prezident İlham Əliyevin elm, təhsil və yüksəkixtisaslı, savadlı kadrların hazırlığı istiqamətində yürütdüyü siyasətdən danışıb. Vurğulayıb ki, bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində artıq Azərbaycanda dünyanın nüfuzlu qurumlarının təşkilatçılığı ilə beynəlxalq elmi tədbirlərin keçirilməsi ənənəvi hal alıb.
Elm və təhsil nazirinin müavini bu tədbirin Azərbaycanda müvafiq sahələrin inkişafı üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, dünyada sürətlə inkişaf edən informasiya texnologiyalarının ölkəmizin elm və təhsil sistemi qarşısında yeni tələblər qoyduğunu bildirib. O, belə bir nüfuzlu tədbirin keçirilməsinin Şərq Tərəfdaşlığı ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsi baxımından son dərəcə vacib olduğunu qeyd edib.
F.Qurbanov “EaPEC 2022”nin həm də Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağına əminliyini söyləyib.
Qeyd edək ki, GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.