İQTİSADİYYAT
Nazir müavini: İşğaldan azad edilmiş ərazilərimiz ölkənin iqtisadi dəyər zəncirinə qoşulacaq
Bakı, 20 noyabr, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərimiz ölkənin iqtisadi dəyər zəncirinə qoşulacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
“Qarabağın azad edilməsi, ilk növbədə, regiona, o cümlədən türk dünyasına sabitlik, sülh və təhlükəsizlik gətirəcək ki, bütün dövrlərdə davamlı iqtisadi inkişafın təməlində bu amil dayanıb. Siyasi cəhətdən sabit, iqtisadi cəhətdən dayanıqlı və təhlükəsiz olan Azərbaycan regionda daha da güclənəcək və daha cəlbedici partnyora çevriləcək. Azad edilmiş rayonların inzibati və təhlükəsizlik məsələləri həll olunmaqla genişmiqyaslı infrastruktur quruculuğu işləri aparılacaq. Burada yolların tikintisi, elektrik enerjisi və qaz təchizatının bərpası, su və kanalizasiya sistemlərinin qurulması, telekommunikasiya sistemlərinin bərpası, dağıdılmış sosial infrastrukturun yenidən qurulması, o cümlədən məktəblərin, uşaq bağçalarının, tibb məntəqələrinin, inzibati obyektlərin tikintisi həyata keçiriləcək. Bu da, əlbəttə ki, həm Azərbaycan, həm də dost ölkələrin tikinti və təchizatla məşğul olan rəqabətli biznes strukturlarına yeni imkanlar yaradacaq”, - deyə nazir müavini bildirib.
S.Həsənova deyib: “Növbəti məsələ isə işğaldan azad olunmuş ərazilərimizin iqtisadi inkişafının təmin edilməsidir ki, burada özəl investisiyaların cəlb edilməsi, dövlət-özəl partnyorluğunun inkişaf etdirilməsi və müxtəlif dövlət dəstəyi modellərindən istifadə etməklə bölgə ölkənin iqtisadi dəyər zəncirinə qoşulacaq. Burada 3 əsas prioritetləri vurğulamaq istərdim:
- məlum olduğu kimi, azad olunan rayonlar yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ərazilərdəndir. Belə ki, yalnız Kəlbəcər rayonunda işğaldan öncəki dövrdə aparılan qiymətləndirmələrə əsasən, 130 ton qızıl, 190 ton gümüş, 940 ton civə, habelə selen, mişar daşı, tikinti daşı, sement xammalı, mineral su mövcud olub. Bu resursları iqtisadi dövriyyəyə cəlb etməklə yerli sənayenin inkişafı təmin ediləcək.
- ərzaq təminatı, iş yerləri, emal sənayesi üçün imkanlar yaradan 100 min hektardan çox əkin sahəsini dövriyyəyə cəlb etməklə burada münbit torpaqlarda bitkiçilik və heyvandarlıq müasir tərzdə inkişaf etdiriləcək. Meliorasiya və irriqasiya tədbirləri həyata keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılmış ilkin qiymətləndirmələrə əsasən, burada ölkə üzrə kənd təsərrüfatı istehsalına nisbətdə 8 faiz ətrafında perspektiv istehsal imkanları mövcuddur.
- bölgənin balneoloji (İstisu) resursları, əsrarəngiz təbii-iqlim şəraiti və mədəni irs imkanları nəzərə alınmaqla turizmin inkişafı təmin ediləcək. Burada həm özəl investisiyaların qoyuluşu, həm də türk dövlətləri ilə birgə turizm marşrutlarının inkişafında perspektivlər mövcuddur. Bununla əlaqədar Qırğızıstan tərəfindən işlər aparılır.
Bütün bu qeyd edilən prioritetlər və digər aspektləri özündə əks etdirən işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı konsepsiyanın hazırlanması istiqamətində İqtisadiyyat Nazirliyində işlər aparılır. Konsepsiyanın icrasında tərəfdaşlarımızla əməkdaşlıq nəzərdə tutulur”.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpası zamanı həyata keçiriləcək işlərin maliyyələşdirilməsi üçün bir sıra mənbələrdən vəsaitlər cəlb olunacaq. Dövlət büdcəsi, beynəlxalq donor dəstəyi, uzunmüddətli və güzəştli kreditləri, istiqrazlar, özəl sektorun vəsaitləri, fərdi ianələrdən istifadə ediləcək. Burada da müxtəlif maliyyə alətlərində, xüsusilə borc alətlərində iştirakla (istiqrazların alınması və kreditlərin verilməsi), ölkələr üçün suveren fondlarının, EXIM banklarının, valyuta ehtiyatlarının gəlir imkanlarını artırmaq fürsəti yaranacaq.