REGİONLAR
Nazir müavini: Toxumçuluğun inkişafı sahəsində ciddi tədbirlər görülür YENİLƏNİB
Bakı, 7 avqust, AZƏRTAC
Hazırda ölkədə 5 toxumçuluq müəssisəsi tikilir. Onlardan 2-si bu il, 3 müəssisə isə növbəti ildə istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri avqustun 7-də “Respublikada bitki sortlarının qeydiyyatı, toxumçuluğun mövcud vəziyyəti, problemlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən respublika müşavirəsində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Nazir müavini qeyd edib ki, ölkəmizdə toxumçuluğun inkişafı sahəsində ciddi tədbirlər görülür. Bu istiqamətdə Toxum Fondu yaradılıb, nizamnamə kapitalı müəyyənləşdirilib. Bundan başqa, pambıqçılığın inkişafı ilə bağlı Ucarda müasir tipli pambıqtəmizləmə zavodu yaxın zamanda istifadəyə veriləcək.
İ.Quliyev tərəvəzçilik sahəsinin də mühüm əhəmiyyət daşıdığını söyləyərək, tərəvəz toxumu ilə bağlı ölkə prezidentinin sərəncamı əsasında vəsait ayrıldığını və Tərəvəzçilik İnstitutunun bazasında böyük şəhərcik salındığını deyib. Onun sözlərinə görə, bununla da ölkədə tərəvəz toxumuna olan tələbat daxili istehsal hesabına tam ödəniləcək.
Nazir müavini bildirib ki, kənd təsərrüfatının istehsalı toxumdan başladığından toxumçuluğun inkişafı nazirliyin prioritet vəzifələrindən biridir və bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin tabeliyində 12 Regional Toxum Sertifikatlaşdırma laboratoriyasının yaradılması, onların müasir cihaz və avadanlıqlarla təchiz edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Diqqətə çatdırılıb ki, müşavirənin keçirilməsində əsas məqsədlərdən biri də bitki sortlarının qeydiyyatı, mövcud vəziyyət və problemləri müzakirə etməkdir.
Bitki Sortlarımın Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Respublikada toxumçuluğun mövcud vəziyyəti, problemlər və onun həlli yolları” mövzusunda məruzə ilə çıxış edib, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Müşavirədə, həmçinin özəl toxumçuluq təsərrüfatının inkişafı, mövcud problemlər və toxum istehsalında innovativ texnologiyaların tətbiqi ilə bağı müzakirələr aparılıb.