İQTİSADİYYAT
Nazir müavini: Üç rübdə Azərbaycanın Türk Şurası ölkələri ilə ticarət dövriyyəsi 3,4 milyard dollar olub
Bakı, 20 noyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrlə ticarət dövriyyəsi 3,4 milyard ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Nazir müavini qeyd edib ki, keçən il 10 illiyini Bakıda qeyd edən Türk Şurası ölkələrinin ticarət əlaqələri bu dövrdə 2,5 dəfə artaraq 15,6 milyard dollara çatıb. Macarıstan da daxil edilməklə bu göstərici 19 milyard dolları ötür.
“Son 16 ildə bu ölkələrdən Azərbaycana 12,8 milyard dollar, Azərbaycandan isə həmin ölkələrə 18,3 milyard dollar investisiya yatırılıb, Türk Şurası ölkələrinin 4400-dək şirkəti Azərbaycanda fəaliyyət göstərib və 16 milyard dollar dəyərindəki 319 layihədə podratçı qismində iştirak edib. COVID-19 pandemiyası nəticəsində iqtisadi fəallığın, qlobal tələbin azalması, neft və müxtəlif əmtəələrin qiymətinin aşağı düşməsi kimi amillər qlobal iqtisadiyyata və beynəlxalq ticarətə ciddi mənfi təsir göstərib. Buna baxmayaraq, cari ilin 9 ayında Azərbaycanın Türk Şurası üzv dövlətlər və Macarıstanla ticarət dövriyyəsinin həcmi ümumi xarici ticarət dövriyyəsinin 18,5 faizini təşkil etməklə 3,4 milyard dollar olub. Biznes icmaları arasında iqtisadi əlaqələri gücləndirmək, nəqliyyat problemlərini aradan qaldırmaq, xarici investisiyaları artırmaq məqsədilə Türk Şurası ölkələri və Macarıstanın ticarət və sənaye palataları tərəfindən keçən il Astana İqtisadi Forumunda Türk Ticarət və Sənaye Palatası yaradılıb”, - deyə o bildirib.