CƏMİYYƏT
Qarabağ müharibəsi əlillərinə 50 minik avtomobili təqdim edilib
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı 50 minik avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Prezident İlham Əliyevin sosial islahatlar proqramının uğurlarını diqqətə çatdıraraq bildirib ki, bu ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırılmasına, problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırılmasına imkan verib. Aparılan həmin tədbirlər nəticəsində ümumilikdə 4,2 milyon vətəndaşın, nəticə etibarilə hər bir ailənin rifahına ciddi dəstəkdir.
Nazir müavini şəhid ailələrinə və müharibə əlillərinə qayğının ildən-ilə artırıldığından danışarkən vurğulayıb ki, sosial islahatlar paketinin tərkib hissəsi kimi, bu il Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb, I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edilib. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı tədbirlərinin gücləndirildiyindən bəhs edən M.Kərimli bildirib ki, ötən il həmin kateqoriyalardan olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim olunub. Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub və indiyədək artıq 60 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6714 mənzil şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilib.
Nazir müavini ötən il müharibə əlillərinə 265 minik avtomobilinin verildiyini qeyd edərək deyib ki, dövlət başçısının bu il martın 18-də verdiyi Sərəncamı ilə müvafiq kateqoriyadan olan vətəndaşların avtomobillə təminatının gücləndirilməsi məqsədi ilə 5 milyon manat ayrılıb və bu, bu il həmin təbəqədən olanlara verilmək üçün əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, 2019-cu ildə nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 200 avtomobil təqdim edilib. Bununla da indiyədək 6350-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.
Yeni minik avtomobili ilə təqdim olunan vətəndaşlar ölkəmizdə geniş vüsət alan sosial müdafiə tədbirlərindən, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlardan bəhs ediblər. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, avtomobillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.