İQTİSADİYYAT
Nazirlik: Müqavilə ilə hüquqi şəxsə xidmət edən fiziki şəxs gəlir vergisi ödəməlidir

Bakı, 29 mart, AZƏRTAC
Sadələşdirilmiş vergiödəyicisi olan fiziki şəxs müqavilə əsasında hüquqi şəxsə xidmət göstərərsə, Vergi Məcəlləsində bu ilin yanvarından qüvvəyə minən müddəalara əsasən nə qədər vergi ödəməlidir?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, cari ilin yanvarından Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Fərdi sahibkarın digər hüquqi şəxsə xidmət etdiyi halda sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur və yanvarın 1-dən etibarən gəlirlərdən xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi ödəyərək gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, həmin tarixdən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.