İQTİSADİYYAT
Nazirlik: Vergi orqanının vergiödəyicisinə göndərdiyi hər hansı sənəd imzalanmalı və möhürlə təsdiq edilməlidir
Bakı, 11 mart, AZƏRTAC
Vergi orqanının vergiödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri), adı göstərilməklə, vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir.
Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə görə, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergiödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə:
- vergiödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – verildiyi gün;
- poçt rabitəsi vasitəsilə vergiödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergiödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;
- elektron üsulla elektron kabinetinə göndərildikdə - göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.
Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergiödəyicisinə verilmə tarixini təsdiq edən üsulla təqdim olunur. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, əgər onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.
Vergiödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat və sənəd mübadiləsinin təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində fərdi elektron səhifə kimi elektron kabinet yaradılıb. Elektron kabinetdən istifadə üçün vergiödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması imzalanmalıdır. Bu müqavilə bağlandıqdan sonra vergi orqanı tərəfindən İnternet Vergi İdarəsində elektron kabinet yaradılır. Elektron kabinetin aktivləşdirilməsi yalnız vergiödəyicisi tərəfindən vergi orqanından kod-parol götürüldükdən sonra reallaşdırılır. Elektron kabinetə giriş kod-parol və ya gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir.